Erməni bloqer Roman Bağdasaryan Ermənistan tərəfindən altıncı ildönümü qeyd olunan İkinci Qarabağ Müharibəsi (44 günlük müharibə) ilə bağlı fikirlərini özünün "Roman Bagdasaryan" adlı YouTube kanalında bölüşüb.
O, 44 günlük müharibə zamanı müqavimət göstərmək əvəzinə qaçmağı seçərək evlərini tərk edən və ailələri ilə birlikdə Ermənistana gedən Qarabağ sakinlərini sərt şəkildə tənqid edib.

"İndi isə onlar... sosial şəbəkələrdə oturub haradasa boş-boş danışır və hürürlər. Siz nə mənə, nə də hər hansı normal erməniyə heç vaxt qardaş-bacı ola bilməzsiniz. Siz çirkli qansovuranlarsınız və bizə qarşı da laqeyd beləcə qalacaqsınız", - deyə tanınmış erməni bloqçu bildirib.
Daha sonra o, Qarabağdakı qondarma rejimin qanunsuz silahlı dəstələrinə qoşulan Ermənistan vətəndaşlarını ifşa etməyə başlayıb.
"Bir təsəvvür edin ki, on minlərlə avtomobil... İçində cavan, yemiş, harınlamış, güclü və sağlam kişilər, Qarabağın erməni sakinləri əyləşib. Xatırladım ki, ermənilər Qarabağda digər millətlərin nümayəndələri kimi normal yaşayıblar. Mülki şəxsləri demirəm. Yaxşı, bəs sən - bir zabit, müqaviləli hərbçi (Separatçıların terror birləşmələrində xidmət edən Ermənistan vətəndaşları - red.) - Qarabağda 30-35 il kef elədikdən, Ermənistanın təmin etdiyi hərbi geyimləri, formaları və çəkmələri geyindikdən, gündə üç dəfə yemək yedikdən, maaş və mənzillə təmin olunduqdan sonra necə belə bir alçaq ola bildin?! Müharibənin elə ilk günlərində sənə onilliklərdir verilən bütün imtiyazları necə unuda, yaralı əsgərləri orada qoya, öz ailənlə birlikdə maşınına minib necə şərəfsizcəsinə qaça bildin? Sözüm bunların hamısınadır. Belə bir şeyi necə edə bilərsiniz? Və öz vəzifələrini yerinə yetirməyən o şərəfsizlər, istər zabit, istər müqaviləli əsgər, istərsə də başqa güc strukturlarının əməkdaşları, necə olur ki, indi Ermənistanda rahat yaşayıb Paşinyanı pisləyə bilir? Mən məhz bunu bilmək istərdim. Sadaladığım dividendlərdən yararlanıb, sonra torpağı və əsgərlərini qoyub İrəvana qaçan hər kəs şərəfsizdir! Əgər qorxaqsansa, döyüşçü deyilsənsə, bəs nəyə görə bu geyimi əyninə geyinmişdin? Nə üçün? Pul qazanmaq üçünmü? Çətin vəziyyətdə xalqa xəyanət etmək üçünmü? Təəssüf edirəm ki, görünən budur...", - deyə Roman Baqdasaryan qəzəblə vurğulayıb.
Xatırladırıq ki, Roman Baqdasaryan müstəqil bloqer kimi erməni cəmiyyətinin içərisindəki bütün eybəcərlikləri böyük cəsarətlə üzə çıxarır və bu ölkədəki real vəziyyəti analiz edir.


