Səfərlərdən gətirilən və ya hədiyyə edilən kiçik maqnitlər bir çox evdə soyuducunun üzərində yer alır. Lakin bəzi hallarda bu suvenirlərin məişət texnikasının işinə təsir göstərə biləcəyi bildirilir.
Demokrat.az xəbər verir ki, Kertvar nəşri soyuducuların üzərində istifadə olunan maqnitlərin mümkün təsirləri ilə bağlı məlumat yayıb.
Məqalədə qeyd olunur ki, adi kiçik maqnitlər insan sağlamlığı üçün təhlükəli hesab edilmir. Bununla belə, sensor ekranla təchiz edilmiş müasir soyuducular maqnit sahələrinə daha həssas ola bilər. İstehsalçıların diqqət çəkdiyi əsas məqam da məhz bu tip cihazlarla bağlıdır.
Maqnitlərin elektron komponentlərə təsiri ilə bağlı müzakirələr başqa texnologiyalarda da mövcuddur. Məsələn, Apple 2021-ci ildə iPhone 12 modellərindəki maqnitlərin kardiostimulyator və defibrilyator kimi bəzi tibbi cihazların işinə mane ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
Digər tərəfdən, Cenevrə Universitetinin kimya və fizika kafedrasının əməkdaşı köhnə tip soyuducuların üzərinə yapışdırılan kiçik maqnitlərin cihazın işinə zərər verməsinin real olmadığını bildirib.
Onun sözlərinə görə, belə soyuducularda maqnit sahəsindən mənfi təsirlənə biləcək həssas komponentlər yoxdur. Bu cihazlar istilik nasosu prinsipi ilə işlədiyindən kiçik maqnitlər onların normal fəaliyyətinə mane olmur.
Mütəxəssislərin fikrincə, soyuducularda istifadə olunan adi suvenir maqnitləri elektronikanın yerləşdiyi daxili hissələrə təsir göstərəcək qədər güclü deyil. Buna görə də ənənəvi modellərdə bu cür maqnitlərdən istifadə etmək ciddi narahatlıq yaratmamalıdır.
Lakin sensor ekran və digər elektron idarəetmə sistemləri ilə təchiz olunmuş müasir soyuducularda istehsalçının təlimatlarını nəzərə almaq daha məqsədəuyğundur.
Jalə


