İnfrastruktur

AGEC: Azərbaycanda bərpa olunan enerji layihələrinin icra mexanizmləri təkmilləşdirilməlidir

AGEC: Azərbaycanda bərpa olunan enerji layihələrinin icra mexanizmləri təkmilləşdirilməlidir

Son üç il ərzində iki günəş enerjisi layihəsindəki təcrübəmiz göstərir ki, şərtlərin razılaşdırılması və başa düşülməsi baxımından kifayət qədər uğurlu olmuşuq. Bəli, tənzimləmə mövcuddur, lakin prosedurlarda müəyyən boşluqlar da var.

Demokrat.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yaşıl Enerji Şirkətinin (AGEC) İdarə Heyəti sədrinin müavini Xəyalə Nağıyeva "Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026" tədbiri çərçivəsində təşkil olunan panel müzakirələrində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bəzən prosesin aydın şəkildə necə həyata keçirilməli olduğunu, haradan başlayıb harada başa çatdığını və hansı mərhələdə hansı addımların atılmalı olduğunu göstərən dəqiq prosedur olmur:

"İnvestor baxımından bu, çətinlik yaradır və düşünürəm ki, dövlət sektoru, hökumət bu məsələnin üzərində işləməlidir. Yəni yalnız tənzimləmənin formalaşdırılması kifayət deyil, mexanizmlər üzərində də işləmək lazımdır. İnvestorlar layihənin addım-addım necə həyata keçiriləcəyini, icazələrin hansı ardıcıllıqla alınacağını göstərən tətbiq edilə bilən mexanizmlər də gözləyirlər.

İlk layihələr zamanı, əlbəttə, başa düşürəm ki, bu həm hökumət, həm də əsasən öyrənərək fəaliyyət göstərən yerli investorlar üçün yeni idi. Lakin bu gün artıq müəyyən təcrübəmiz və bu prosesin necə getməli olduğuna dair anlayışımız formalaşıb. Hansı riskin kim tərəfindən daşındığını, risklərin hansı mərhələdə artdığını və onların necə azaldılmalı olduğunu bilirik".

O qeyd edib ki, hazırda isə bunların sənədləşdirilməsi, şəffaf və prosesdə iştirak edən bütün tərəflər üçün aydın şəkildə təqdim edilməsi lazımdır: "Düşünürəm ki, növbəti addım məhz bu olmalıdır. İnkişaf mərhələsində olan bir şirkət olaraq bizim üçün bağlantı yalnız bazara, müştəriyə və ya son istifadəçiyə çıxış əldə etmək məsələsi deyil. Bu, bizim üçün miqyasın genişləndirilməsi məsələsidir.

Həm yerli, həm beynəlxalq və sərhədlərarası bağlantıların olmaması bərpa olunan enerji sahəsində fəaliyyət göstərən investorların bizneslərini genişləndirməsini ciddi şəkildə çətinləşdirəcək. İnvestor kimi bərpa olunan enerjiyə investisiya qoymaq və portfelimizi genişləndirmək istəyimiz olsa da, enerji alıcıları, müvafiq və etibarlı enerji alqı-satqı müqavilələri (PPA) və tələbat olmadan bu investisiyaların heç bir faydası olmayacaq.

Bu investisiyalar investorlar üçün cəlbedici olmayacaq və onların reallaşdırılması çətinləşəcək. Bunun üçün enerji alıcılarına ehtiyacımız var. Bizim bazarımız və regionumuz məhduddur. Bu baxımdan bağlantılar, xüsusilə də sərhədlərarası bağlantılar bu biznesin miqyasının genişləndirilməsi üçün çox vacibdir", - deyə o vurğulayıb.