Bakıda mənzil bazarında qiymətlər ərazilər üzrə əhəmiyyətli dərəcədə fərqlənir. Paytaxtın bəzi ərazilərində nisbətən münasib qiymətə mənzil tapmaq mümkün olsa da, bu zonalarda daşınmaz əmlaka tələbat da yüksək olaraq qalır.
Bəs Bakıda mənzil qiymətlərinin ən aşağı olduğu ərazilər hansılardır və ucuz mənzillərə tələbatın əsas səbəbləri nələrdir?
Əmlak eksperti Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, son 5 il ərzində daşınmaz əmlakın qiymətləri kəskin bahalaşıb.

Onun sözlərinə görə, təxminən 80 faizə qədər bahalaşma baş verib:
"Bu da əhalinin, vətəndaşların mənzil əlçatanlığını daha da çətinləşdirib. Buna görə də ucuz evlərə, hətta qanunsuz tikililərə belə tələbat artıb. Qanunsuz tikililəri satışa çıxaran şəxslər də bundan müəyyən mənada istifadə edirlər.
Qiymətlərin daha sabit olduğu yerlər, sözsüz ki, təklifin çox olduğu ərazilərdir. Məsələn, yeni tikililər baxımından Masazırda təklif kifayət qədər çoxdur. Masazır ərazisində yeni tikililərin sayı çox olduğuna görə burada qiymətlər nisbətən münasibdir. Bakı şəhərində təklif olunan mənzillərin bu qədər çox olduğu başqa ərazi demək olar ki, yoxdur. Xırdalan şəhərində də mənzil təklifi kifayət qədər çoxdur. Ona görə də Masazır və Xırdalanda təklif olunan mənzillərin qiymətləri digər ərazilərlə müqayisədə daha münasibdir. Burada tələb və təklif bazarın vəziyyətinə uyğun formalaşır.
Fərdi evlərə gəldikdə isə Masazır və Xırdalana tələbatın yüksək olduğunu qeyd etmək olar. Bununla yanaşı, Abşeron rayonunun müxtəlif ərazilərində, həmçinin Türkan qəsəbəsində fərdi evlərin qiymətləri nisbətən münasibdir. Bu ərazilərin bir qismində kommunikasiya və gediş-gəlişlə bağlı müəyyən çətinliklər var, infrastruktur tam inkişaf etməyib. Binə qəsəbəsini də bu ərazilər sırasına aid etmək olar.
Həmçinin Türkan, Binə, Masazır, Xırdalan, ümumilikdə Abşeron rayonu, Qobu-Güzdək ərazisi və Şamaxı yoluna yaxın yerləşən qəsəbələrdə həm sənədli, həm də sənədsiz fərdi evlərin qiymətləri daha münasibdir.
Tələbatdan danışsaq, infrastrukturun tam şəkildə formalaşdığı ərazilərdə, yəni yol, ticarət, təhsil və digər xidmət infrastrukturlarının inkişaf etdiyi yerlərdə tələbat daha yüksəkdir. Təbii ki, belə ərazilərdə mənzil qiymətləri də nisbətən yuxarı olur.
İnfrastrukturun və müxtəlif xidmətlərin çatışmadığı ərazilərdə isə qiymətlər daha münasib və müəyyən mənada daha stabil olur. Yəni istehlakçı müəyyən rahatlıqlardan, xidmətlərə və infrastruktura əlçatanlıqdan imtina etməklə daha əlverişli qiymətə ev ala bilər".


