Mədəniyyət

İsveçrə və Azərbaycan musiqiçiləri Bakıda bir araya gələcək

İsveçrə və Azərbaycan musiqiçiləri Bakıda bir araya gələcək

İsveçrə və Azərbaycan musiqiçiləri və musiqi tələbələri Bakıda bir araya gələcək.

İsveçrənin Azərbaycandakı səfirliyindən Demokrat.az-a verilən məlumata görə, "Swiss & Azerbaijani Music in Dialogue" adlı musiqi mübadiləsi proqramı oktyabrın 9-da saat 11:00-da Bakı Musiqi Akademiyasında keçiriləcək.

Tədbir çərçivəsində İsveçrədən olan üç musiqiçi və musiqi tələbəsi Azərbaycan musiqiçiləri və Bakı Musiqi Akademiyasının tələbələri ilə bir araya gələcək. Proqram zamanı canlı musiqi ifaları, ənənəvi musiqi alətlərinin təqdimatı, eləcə də İsveçrə və Azərbaycanda musiqi təhsili və tələbə həyatı ilə bağlı fikir mübadiləsi aparılacaq.

İştirakçılar əvvəlcə öz ölkələrinin musiqi ənənələrinə aid nümunələri təqdim edəcək, daha sonra isə İsveçrə və Azərbaycan mahnılarından seçilmiş əsərləri birgə ifa edəcəklər.

Proqram çərçivəsində açıq sual-cavab sessiyası da təşkil olunacaq. Sessiyada tələbələr və digər iştirakçılar musiqi təhsili, tələbə həyatı və gənc musiqiçilərin peşəkar inkişaf perspektivləri barədə təcrübələrini bölüşəcəklər.

Tədbirin əsas məqsədi musiqi və dialoq vasitəsilə İsveçrə ilə Azərbaycan arasında mədəni mübadiləni təşviq etmək, həmçinin iki ölkənin gənc musiqiçiləri arasında əlaqələri gücləndirməkdir.

Qeyd edək ki, tədbir media nümayəndələrinin iştirakı üçün açıq olacaq.

R
Redaktor