Magistratura təhsilinə maraq davam etsə də, bu pillənin karyera və əmək bazarında nə dərəcədə üstünlük yaratdığı sual doğurur. Bəzi sahələrdə magistr diplomu işə qəbul və karyera yüksəlişində üstünlük verə bilər, digər sahələrdə isə işəgötürən üçün təcrübə və peşəkar bacarıqlar daha önəmli hesab olunur.
Bəs bu baxımdan magistratura karyerada real üstünlük yaradır, yoxsa sadəcə diplom sayını artırır?
Demokrat.az-a bu barədə açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda əmək bazarının şərtlərinə görə magistratura tələb kimi qoyulmur.

Onun sözlərinə görə, bu səbəbdən də, Azərbaycanda magistraturaya hər il sənəd verənlərin sayı getdikcə azalmaqda davam edir:
"Burada başqa amillər də rol oynayır. Məsələn, Dövlət İmtahan Mərkəzinin magistratura imtahanlarında yanaşmasında bir qədər islahata ehtiyac var. 100 mümkün baldan 50 sual məntiqi, 25-i informatikanı və 20-si də dil biliklərini, yəni xarici dillərdən birini əhatə edir. 5 bal da bir sual var orada, bu da xarici dildən esse tipli bir sualdır. Göründüyü kimi, burada ixtisasa aid hər hansı bir sual qoyulmur. Bu da ümumilikdə, yəni bilirsiniz ki, Azərbaycanda ümumtəhsil məktəblərində məntiq keçirilmir, bakalavr səviyyəsində də cəmi bəzi universitetlərdə bir semestr olur, ya olmur. Ona görə də məntiq bazası zəif olan bir təhsil sistemində 50 sualın salınması, əlbəttə ki, bir qədər məntiqdən kənar bir şeydir. Ona görə də düşünürəm ki, magistraturaya sadəcə qəbul qaydaları bir qədər rahat olsa, asanlaşdırılsa, hər il də bu qədər boş plan yerləri qalmaz.
Məsələn, təkcə ötən il 3000-dən artıq plan yerində boşluqlar var idi. 3000, daha doğrusu, boş qalan yerlərin 1200-ü dövlət sifarişli yerlər idi. Bu il də 1000-ə qədər boş yer qalıb. Yəni məsələ orasındadır ki, hələ növbəti il üçün magistratura imtahanlarına dinləmə suallarını, xarici dildən dinləməni də salsalar, bu artıq o demək olacaq ki, heç diplom xatirinə görə də Azərbaycanda magistraturaya həvəs göstərən olmayacaq. Bəzi, məsələn, özünü inkişaf etdirmək istəyən, gələcəkdə karyerası haqqında düşünənlər müəyyən mənada magistraturaya üstünlük verirdilər. Amma bundan sonra düşünmürəm. Əgər bu cür şərtlər ağır davam edəcəksə, əlbəttə ki, belə boş plan yerləri hələ çox qalacaq".


