Yoqurt bağırsaq sağlamlığı üçün faydalı məhsul hesab olunur, lakin onu günün hansı vaxtında yeməyin daha yaxşı olduğuna dair birmənalı cavab yoxdur. Bununla belə, ekspertlər bildirirlər ki, qəbul vaxtı zülalın mənimsənilməsi baxımından əhəmiyyət daşıya bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "Health" yazıb.
Yoqurtun istehlakı üçün ən uyğun vaxtla bağlı müxtəlif fikirlər mövcuddur. Beynəlxalq Probiotiklər Assosiasiyasının məlumatına görə, geniş yayılmış variantlar arasında yoqurtu yeməklə birlikdə və ya yeməkdən qısa müddət sonra, acqarına və ya səhər yeməyindən əvvəl, eləcə də yatmazdan əvvəl qəbul etmək var.
Bununla yanaşı, bu variantlardan hər hansı birinin həzm sistemi sağlamlığı üçün digərlərindən daha üstün olduğunu təsdiqləmək üçün kifayət qədər araşdırma aparılmayıb.
Yoqurtun qəbul edilməsi üçün ən uyğun vaxtla bağlı vahid fikirin olmamasının əsas səbəbi probiotiklərlə əlaqəlidir.
Yoqurt canlı bakterial kulturların köməyi ilə südün fermentasiyası nəticəsində hazırlanır. Yoqurtda olan bu bakteriyalar bağırsaqlarda fəaliyyət göstərən faydalı probiotiklərdir. Bununla belə, yoqurtun digər qidalarla birlikdə yeyilib-yeyilməməsi probiotiklərin effektivliyinə təsir göstərə bilər.
Probiotiklərdən, istər yoqurt kimi məhsulların tərkibində, istərsə də qida əlavələri şəklində istifadə zamanı əsas problemlərdən biri canlı bakteriyaların bağırsaqlara çatana qədər sağ qalmasıdır. Mədənin turş və aqressiv mühiti bakteriyaların bir hissəsini bağırsaqlara çatmazdan əvvəl məhv edə bilər.
Yoqurtu yeməklə birlikdə qəbul etməyin tərəfdarları hesab edirlər ki, qida mədədə pH səviyyəsini yüksəldə, yəni turşuluğu azalda bilər. Bu isə faydalı bakteriyaların bağırsaqlara keçməsi üçün daha təhlükəsiz mühit yarada bilər.
Digər tərəfdən, qida qəbulu həzm fermentlərinin ifrazını stimullaşdırır. Bu fermentlər probiotiklərin sağ qalmasına və bağırsaqlarda məskunlaşmasına təsir göstərə bilər. Qida həmçinin probiotiklərin mədədən keçməsini ləngidə bilər. Nəticədə onlar turş mühitdə daha uzun müddət qalır və daha çox bakteriyanın məhv olması ehtimalı yaranır.
Məhz buna görə bəzi tövsiyələrdə yoqurt da daxil olmaqla probiotiklərlə zəngin məhsulların acqarına və ya səhər yeməyindən əvvəl qəbul edilməsi məsləhət görülür.
Bununla belə, 2017-ci ildə aparılmış kiçik bir araşdırma göstərib ki, probiotikləri səhər yeməyindən 30 dəqiqə əvvəl və ya yeməkdən 30 dəqiqə sonra qəbul edən insanların bağırsaqlarında faydalı bakteriyaların sayı artıb, "zərərli" bakteriyaların sayı isə azalıb.
Jalə


