Şou-biznes

Tanınmış türk aktyor vəfat etdi

Tanınmış türk aktyor vəfat etdi

Türkiyə kinosunun əfsanəvi simalarından, "Altın Çocuk" ləqəbi ilə tanınan məşhur aktyor Göksel Arsoy 90 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, sənətçi "Kara Günlerim", "Samanyolu", "Taş Bebek", "Bulunmaz Uşak" və "Şafak Bekçileri" kimi filmlərdə canlandırdığı rollarla Yeşilçam tarixində silinməz iz qoyub.

Göksel Arsoy 15 mart 1936-cı ildə Kayseridə anadan olub. İstanbul Universitetinin İqtisadiyyat fakültəsində təhsil aldığı illərdə Yeşilköy Hava Limanında çalışan Arsoy prodüser Fuat Rutkayın təşviqi ilə kino sahəsinə gəlib. O, 1957-ci ildə Sırrı Gültekinin rejissorluğu ilə çəkilən "Kara Günlerim" filmi ilə kinoda debüt edib.

Arsoyun karyerasında "Samanyolu" filmi xüsusi yer tutub. Belgin Dorukla tərəf-müqabil kimi yaratdığı ekran tandemi onu qısa müddətdə Yeşilçamın ən məşhur aktyorlarından birinə çevirib.

"Altın Çocuk" ləqəbini isə rejissor Halit Refiğ ona verib. 1960-cı illərdə karyerasının ən məhsuldar dövrünü yaşayan Arsoy daha sonra öz prodüser şirkətini yaradaraq film istehsalına da başlayıb.

Sənətçinin kino sahəsində xidmətləri yüksək qiymətləndirilib. O, 1999-cu ildə 36-cı Antalya "Altın Portakal" Film Festivalında "Yaşam Boyu Onur Ödülü"nə layiq görülüb. 2024-cü ildə isə Türkiyə Prezidentinin Mədəniyyət və İncəsənət Böyük Mükafatını alıb.

Göksel Arsoy kino ilə yanaşı, ictimai və idman sahəsində də fəaliyyət göstərib. O, Sinema Oyuncuları Dərnəyi və İstanbul Tennis Klubunun idarə heyətində yer alıb, 2002-2008-ci illərdə Türkiyə Hamı üçün İdman Federasiyasının prezidenti olub.

Arsoy 2017-ci ildə həyat və sənət yolundan bəhs edən "Altın Çocuk" adlı avtobioqrafik kitabını nəşr etdirib. O, həmçinin musiqi sahəsində fəaliyyət göstərərək iki 45-lik val buraxdırıb.

1961-ci ildə Soley Arsoy ilə ailə həyatı quran sənətçinin Aşkım və aktyor Gökhan adlı iki övladı var.

Göksel Arsoyun dəfn mərasiminin vaxtı və yeri barədə məlumatın ailəsi tərəfindən açıqlanacağı gözlənilir.

Jalə