Şou-biznes

Mükafatını alarkən kövrəldi: "Aldığım nəfəsdən utanıram"

Mükafatını alarkən kövrəldi: Aldığım nəfəsdən utanıram

Türkiyəli aktrisa Hazar Ergüçlü "Mutter: Bir Annenin Hatıra Defteri" filmindəki roluna görə 33-cü Beynəlxalq Adana Altın Koza Film Festivalında "Ən yaxşı qadın aktyor" mükafatına layiq görülüb.

Demokrat.az xəbər verir ki, mükafatlandırma mərasimi Çukurova Universitetinin Konqres Mərkəzində keçirilib. Ergüçlü mükafatını Şebnem Bozoklu və Salih Bademcidən alıb.

Səhnədə çıxış edən aktrisa kino sektorundakı iş şəraitinə də toxunub. O, əməyinin qiymətləndirilməsindən məmnun olduğunu bildirib:

"Bir şeylərə sevinmək uzun zamandır bizim üçün çox çətindir. Hər kəsin eyniləşdirilməyə, eyni qəlibə salınmağa çalışıldığı ölkəmizdə və sektorumuzda əməyimin görülməsi məni çox qürurlandırdı. Bu janrda çəkilmiş bir filmin belə gözəl seçimə daxil edilməsi bizim üçün ayrıca fəxrdir".

Ergüçlünün çıxışının davamında isə emosional anlar yaşanıb. Aktrisa Soma şəhərində mədəndə həyatını itirən 37 yaşlı Kerim Örənin 13 yaşlı oğlu Yaşardan danışıb.

"Uzun müddətdir o qədər çox ağrıya məruz qalmışıq ki, sanki hissizləşmişik. Amma dünən Somada 37 yaşında həyatını itirən mədənçi Kerim Örənin oğlu Yaşarı görəndə sarsıldım", - deyə aktrisa bildirib.

Öz ailəsində də mədənçilərin olduğunu deyən Ergüçlü qeyd edib ki, babası mis mədənlərində çalışıb:

"Mənim nənəm və babam kömür işçisi olub. Uşaqlığım kömür mədənlərində keçib. Hər mədənçi öldüyündə gözümün önünə öz babam, öz nənəm gəlir. İnsan kimi yaşaya bilmək, uşaqlarını oxuda bilmək üçün göstərdikləri zəhmət yadıma düşür".

Aktrisa mədənçi ailələrinin yaşadığı ağrının onu dərindən sarsıtdığını vurğulayıb:

"Mədənçi uşaqlarını ağlayarkən görəndə mən yaşamaqdan, aldığım nəfəsdən utanıram. Ədalətsizliklər mənə çox ağır gəlir. Nə etsəm də, bu kədəri içimdən ata bilmirəm. Biz ədalətsizlikləmi yaşayacağıq? Belə necə davam edəcəyik? Hamımız birlikdə, insan kimi yaşaya bilməyəcəyiksə, necə cəmiyyət olacağıq?"

Ergüçlü Yaşarın yaşadığı ağrının müəyyən mənada cəmiyyətin də məsuliyyəti olduğunu deyərək ondan üzr istəyib:

"Yaşarın çəkdiyi ağrı bir qədər də bizim məsuliyyətimiz deyilmi? Ona görə bunları deyərkən Yaşardan üzr istəyirəm. Sadəcə burada onu xatırlamaqdan başqa heç nə edə bilmədiyim üçün. Yenə də əlimizdə bircə ümid qalıb. Onu da verməyəcəyik".

Jalə