Avto

Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta açıqladı

Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta açıqladı

Güclü yağışlardan sonra yollarda su ilə dolu gölməçələr yaranır ki, bu da sürücülər üçün müəyyən təhlükələr yarada bilər. Belə ərazilərdən avtomobillə keçərkən həm nəqliyyat vasitəsinin zədələnməsinin, həm də qəza riskinin qarşısını almaq üçün bir sıra məqamlara diqqət yetirmək vacibdir.

Su yığılmış gölməçələrdən maşınla keçərkən nəyə diqqət etmək lazımdır?

Mühərrik ustası Azər Zülfüqarov Demokrat.az-a açıqlamasında bildirib ki, sular və gölməçələr avtomobillərə ciddi ziyan vura bilər.

Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta açıqladı

Onun sözlərinə görə, bu cür vəziyyətlər yol təhlükəsizliyi baxımından da ciddi risk yaradır:

"Çünki suyun altında böyük çuxurlar ola bilər. Sürücü bunu bilmədən həmin çuxura düşdükdə təkər və ya disk partlaya, avtomobil yoldan çıxa bilər. Nəticədə maşın bordürə, yaxud əks istiqamətdə hərəkət edən avtomobilə çırpılaraq qəza törədə bilər. Təbii ki, bütün bunlar ciddi maddi zərərlə nəticələnir. Onu da nəzərə almaq lazımdır ki, yeni nəsil avtomobillərdə, xüsusilə sükan və idarəetmə sistemlərinin bir çox hissəsi elektronlaşdırılıb. Belə avtomobillərlə dərin sulardan keçdikdə, hətta qəza baş verməsə belə, sürücülər ciddi maddi zərərlə üzləşə bilərlər. Çünki su avtomobilin sükan və digər elektron sistemlərinə daxil olaraq onların sıradan çıxmasına və nəticədə böyük məbləğdə xərc yaranmasına səbəb ola bilər".

Azər Zülfüqarov əlavə edib ki, bundan başqa, gölməçədən yüksək sürətlə keçdikdə sükan idarəetməsi çətinləşə, avtomobil yoldan çıxa və hətta əks istiqamətə keçə bilər:

"Bu isə olduqca təhlükəlidir. Ona görə də sürücü yol şəraitinə uyğun sürət seçməlidir. Suyun dərinliyini müəyyənləşdirmək üçün öndə hərəkət edən avtomobilin keçidini də nəzərə almaq olar. Öndəki avtomobilin suya daxil olması və keçidi sürücüyə həmin hissənin dərinliyi barədə müəyyən təsəvvür yarada bilər. Bundan sonra sürücü uyğun sürət və istiqamət seçərək çuxura düşməməyə çalışmalıdır. Bundan əlavə, yollarda açıq lyukların olması da avtomobillər üçün ciddi təhlükə yaradır və nəqliyyat vasitələrinə böyük ziyan vura bilər".

FH
Fidan Hacızadə
Müxbir