Şou-biznes

Ölüm təhdidi aldığını bildirdi, Kübra Süzgünün atasından şikayət etdi

Ölüm təhdidi aldığını bildirdi, Kübra Süzgünün atasından şikayət etdi

Türkiyəli aktrisa Özge Özpirinçci ilə "Kadın" serialında onun ekran qızı Nisan obrazını canlandıran Kübra Süzgünün ailəsi arasındakı hüquqi mübahisə yenidən gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə "Hürriyet Kelebek"ə istinadən "Onedio" məlumat yayıb.

Məlumata görə, Özge Özpirinçci və onun vəkili Nail Gönenli Kübra Süzgünün atası Serkan Süzgün barəsində yenidən hüquq-mühafizə orqanlarına müraciət edib. Yeni ərizədə ölüm təhdidi ilə bağlı iddialar irəli sürülüb və qorunma tədbirlərinin görülməsi tələb olunub.

Mübahisənin kökü 2015-ci ildə Kübra Süzgünün uşaq vaxtı çəkildiyi reklam çarxına gedib çıxır. Atasının sözlərinə görə, qızının fotoşəkilləri müqavilə imzalanmadan həm Türkiyədə, həm də xaricdə istifadə olunub. Serkan Süzgün bu məsələ ilə bağlı serialın çəkiliş meydançasında Özpirinçciyə müraciət edib. Aktrisa isə onu öz vəkili Nail Gönenliyə yönləndirib.

Süzgün vəkilin təzminat tələbini 15 min türk lirəsi ilə məhdudlaşdırdığını, məhkəmə işi rədd edildikdən sonra isə bununla bağlı ailəyə məlumat verilmədiyini iddia edib. Nail Gönenli isə dələduzluq və təhdid ittihamlarını rədd edib.

Özpirinçci ötən ilin dekabrında məsələ ilə bağlı ilk dəfə açıqlama verərək Serkan Süzgünü yalnız vəkilinə yönləndirdiyini bildirib:

"2017–2019-cu illərdə "Kadın" serialında birlikdə çalışdığım Kübra Süzgünün atası Serkan Süzgün bir gün çəkiliş meydançasında yanıma gələrək yaşadığı problemdən danışdı və vəkilə ehtiyacı olduğunu bildirdi. Mən də onu vəkilim Nail Gönenliyə yönləndirdim. Sözügedən məsələyə heç bir mərhələdə müdaxilə etməmişəm".

Aktrisa həmçinin illərdir özünə, ailəsinə və yaxın çevrəsinə qarşı böhtan, təhdid və təhqirlərin səsləndirildiyini bildirib. Kübranın zərər görməməsi üçün uzun müddət hüquqi addım atmadığını deyən Özpirinçci bundan sonra hüquqlarını qorumaq üçün bütün qanuni vasitələrdən istifadə edəcəyini açıqlayıb.

Avqust ayında isə Kübra Süzgün sosial şəbəkədə yayımladığı videoda göz yaşları içində Özpirinçciyə müraciət edib və "Səni tanıdığım gündən nə uşaqlığımı yaşaya bildim, nə də gənc qızlığımı" deyib. O, ailəsinin təhlükə altında olduğunu bildirərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.

Özpirinçci buna cavab olaraq ittihamların həqiqəti əks etdirmədiyini bildirib və hüquqi prosesə başladığını açıqlayıb.

Son müraciətdə isə Özpirinçci və Nail Gönenli sosial şəbəkələrdə "dələduz", "çirkli pul yuyan" və "cinayətkar qruplaşma üzvü" kimi təqdim edildiklərini iddia ediblər. Onlar həmçinin üçüncü şəxslər vasitəsilə ölüm təhdidləri aldıqlarını bildirərək təhlükəsizlik tədbirlərinin görülməsini istəyiblər.

Serkan Süzgün barəsində daha əvvəl təhqir ittihamı ilə cinayət işi açıldığı, yeni ərizədə isə onun ittihamlarını davam etdirdiyi və təhdid xarakterli mesajların üçüncü şəxslərdən gəldiyi qeyd olunub. Məsələ ilə bağlı yeni araşdırma başlanılması tələb edilib.

Jalə