İdman

"Qalatasaray"da iki futbolçu ilə yollar ayrıla bilər – Okan Buruk razı deyil

Qalatasarayda iki futbolçu ilə yollar ayrıla bilər – Okan Buruk razı deyil

"Qalatasaray"da mövsümün əvvəlində komandaya qoşulan iki futbolçu ilə yanvar transfer pəncərəsində yolların ayrılması gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, "Hürriyet"in məlumatına görə, El Çadaille Bitşiabu və Lesley Uqoçukvu məşqçilər korpusunun gözləntilərini doğrultmayıb.

Müdafiəçi Bitşiabu indiyədək "Qalatasaray"ın heç bir rəsmi oyununda meydana çıxmayıb. Fransalı futbolçu komandanın "Pendikspor"la keçirdiyi hazırlıq matçında ilk dəfə forma geyinib. 3:3 hesabı ilə başa çatan qarşılaşmada onun hazır olmadığı və hazırda formasında eniş yaşayan Abdülkerim Bardakçıya alternativ ola bilmədiyi qənaəti yaranıb.

Digər futbolçu Lesley Uqoçukvu da məşqlərdə gözlənilən performansı göstərə bilməyib. Fransalı yarımmüdafiəçi Lemina olmadığı vaxtlarda belə kifayət qədər oyun şansı əldə etməyib.

Uqoçukvunun gələcəyi ilə bağlı daha bir mühüm məqam isə müqaviləsindəki məcburi satınalma şərtidir. Bildirilir ki, futbolçu müəyyən sayda oyunda meydana çıxarsa, onun transfer hüquqlarının alınmasını nəzərdə tutan maddə avtomatik qüvvəyə minəcək.

Bu səbəbdən Uqoçukvunun daha çox oynadılmamasının və yanvar ayında "Qalatasaray"dan ayrılmasının mümkün olduğu qeyd edilir.

Hər iki futbolçunun yay transfer dönəmində skaut komandasının tövsiyəsi ilə icarəyə götürüldüyü bildirilir.

Jalə