Smartfonu gecə boyu şarjda saxlamaqla bağlı narahatlıq geniş yayılıb. Lakin müasir telefonlarda bunun batareyaya ciddi zərər vurması ehtimalı əvvəlki cihazlarla müqayisədə xeyli azdır. Batareyanın ömrünü daha çox azaldan amil isə həddindən artıq qızmadır.
Demokrat.az xəbər verir ki, "MakeUseOf"un məlumatına görə, müasir smartfonlarda enerji idarəetmə sistemləri batareya 100 faizə çatdıqda enerji qəbulunu dayandırır və lazım olduqda qısa müddətli əlavə şarj həyata keçirir. Bir çox "iPhone" və "Android" cihazında isə şarj prosesi istifadəçinin vərdişlərinə uyğunlaşdırılaraq müəyyən müddət 80 faiz ətrafında saxlanıla və tam şarj daha sonra tamamlana bilər.
Batareyanı istilik daha sürətlə köhnəldir
Smartfonların litium-ion batareyalarında şarj prosesləri zamanı qoruyucu SEI təbəqəsi formalaşır. Zaman keçdikcə bu təbəqə qalınlaşır və batareyanın enerji saxlama qabiliyyəti tədricən azalır.
Yüksək temperatur isə bu kimyəvi prosesləri əhəmiyyətli dərəcədə sürətləndirir. Məqalədə qeyd olunan sınaqlara görə, 25 dərəcə temperaturda işləyən batareyalar 200 şarj dövründən sonra tutumunun təxminən 3,3 faizini itirib. 45 dərəcədə işləyən batareyalarda isə itki 6,7 faizdən çox olub.
Bundan başqa, istilik batareyanın daxili müqavimətini artırır. Bu isə daha çox istilik yaranmasına və nəticədə batareyanın daha sürətlə köhnəlməsinə səbəb ola bilər.
Bu vərdişlər batareyaya daha çox zərər verir
Mütəxəssislər xüsusilə telefonu birbaşa günəş altında avtomobildə şarj etməyi riskli hesab edir. Naviqasiya və sürətli şarjın eyni vaxtda aktiv olması cihazın temperaturunu daha da yüksəldə bilər.
Digər problemli vərdiş isə telefon şarj olarkən ağır oyunlar oynamaqdır. Prosessorun yüksək yüklənməsi və şarj prosesi birlikdə əlavə istilik yaradır.
Telefon dəri və ya qalın silikon qabın içində şarj edilirsə, istiliyin xaricə ötürülməsi də çətinləşə bilər.
Bununla belə, şarj zamanı mesajlaşmaq, sosial şəbəkələrdən istifadə etmək və ya internetdə nəsə oxumaq öz-özlüyündə ciddi problem sayılmır.
Yəni smartfon batareyasının ömrünü qorumaq üçün gecə şarj kabelini çıxarmaqdan daha vacib məsələ cihazın uzun müddət yüksək temperaturda qalmasının qarşısını almaqdır.
Jalə


