Süni intellekt texnologiyalarının iş həyatında tətbiqi genişləndikcə əməkdaşların fəaliyyətinin və məhsuldarlığının AI vasitəsilə ölçülməsi də gündəmə gəlir. Şirkətlər bu texnologiyalarla işçinin tapşırıqları yerinə yetirmə sürətini, işə sərf etdiyi vaxtı və nəticələrini analiz edə bilirlər. Lakin belə sistemlərin əməkdaşın real məhsuldarlığını nə dərəcədə düzgün qiymətləndirdiyi, insan faktorunu və işin keyfiyyətini tam nəzərə alıb-almadığı əsas məsələlərdən biridir.
Süni intellekt işçinin məhsuldarlığını ölçəndə nə qədər etibarlıdır?
Demokrat.az-a bu barədə açıqlama verən insan resursları üzrə menecer Röyal Əhmədov söyləyib ki, süni intellekt işçinin məhsuldarlığının ölçülməsində faydalı alət ola bilər, lakin onun verdiyi nəticəni işçinin real məhsuldarlığının tam və mütləq göstəricisi kimi qəbul etmək düzgün olmaz:

"AI vasitəsilə tapşırığın icra müddəti, görülən işlərin sayı, müəyyən proseslərə sərf olunan vaxt və nəticələrin müxtəlif göstəriciləri analiz edilə bilər. Bu, xüsusilə təkrarlanan və nəticəsi rəqəmlərlə ölçülə bilən işlərdə daha obyektiv məlumat əldə etməyə imkan verir. Lakin məhsuldarlıq yalnız sürət və iş həcmi demək deyil. İşin keyfiyyəti, mürəkkəbliyi, yaradıcılıq tələb etməsi, əməkdaşın qərarvermə qabiliyyəti, komanda ilə əməkdaşlığı və ortaya qoyduğu nəticənin biznesə real təsiri də nəzərə alınmalıdır. Məsələn, bir əməkdaş gün ərzində 20 tapşırıq, digəri isə 5 tapşırıq yerinə yetirə bilər. Rəqəmlərə əsasən birinci əməkdaş daha məhsuldar görünə bilər. Amma həmin 5 tapşırıq daha mürəkkəbdirsə və şirkət üçün daha böyük nəticə yaradırsa, yalnız say göstəricisinə əsaslanaraq qiymətləndirmə aparmaq düzgün olmaz".
Mütəxəssis bildirib ki, digər vacib məsələ isə insan faktorudur:
"AI müəyyən davranışları və nəticələri analiz edə bilər, amma əməkdaşın hansı şəraitdə işlədiyini, tapşırığın çətinliyini və bəzi hallarda göstərdiyi əlavə səyi tam kontekstlə qiymətləndirə bilməz. Ona görə hesab edirəm ki, AI burada qərar verən deyil, qərarverməni dəstəkləyən vasitə kimi istifadə olunmalıdır. Ən sağlam yanaşma AI-nin təqdim etdiyi məlumatların rəhbər və HR tərəfindən digər göstəricilərlə birlikdə təhlil edilməsidir. Süni intellekt məhsuldarlığın ölçülməsində ciddi imkanlar yaradır, amma onu insan əməyinin və peşəkar qiymətləndirmənin tam əvəzi kimi görmək düzgün yanaşma deyil".


