Özəl

Bakıda iki dost sərxoş olub, "kurtka"ya görə dalaşdılar — Birinin burnu sındı

Bakıda iki dost sərxoş olub, kurtkaya görə dalaşdılar — Birinin burnu sındı

Bakının Suraxanı rayonunda iki dostun mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 24-də baş verib. Saatlı rayon sakini, 1991-ci il təvəllüdlü Cəfər həmin gün, səhər saat 09 radələrində tanışı Raminin gödəkçəsini bir neçə gün öncə yerə salmasını əsas tutaraq, onunla mübahisə edib.

Aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı o, qəsdən yumruğu ilə Raminin burnundan vuraraq ona xəsarət yetirib.

Cəfərin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Cəfər törətdiyi əməli etiraf edib. O bildirib ki, barəsində şikayətçi olan Raminı 10 ildir tanıyır, uzun illərdir ki, dostluq münasibətləri mövcuddur, hər zaman münasibətləri yaxşı olub və əvvəllər aralarında heç bir ədavət olmayıb:

"Raminlə dəfələrlə onun yaşadığı evdə əyləşərək spirtli içki qəbul edərək evdən gətirdiyim yeməkləri yemişik. Hər zaman yaxın dost olmuşuq. Lakin yeyib içdikdən sonra yığışdırmağa və evdə səliqə yaratmağa köməklik etmədiyim üçün Ramin öz narazılığını bildirərək məni söyüb təhqir etdi. Bu səbəbdən aramızda söz mübahisəsi yarandı".

Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə bir neçə gün əvvəl Raminlə yenidən onun evində əyləşərək spirtli içki qəbul edib və yemək yedikləri zaman Ramin qəsdən gödəkçəsini yerə salıb:

"Bu səbəbdən aramızda söz mübahisəsi yarandı. Raminə nə üçün gödəkçəmi bilərəkdən yerə atdığını dedim. Ramin bilərəkdən etmədiyini dedi. Mən Raminin etdiyi hərəkəti etiraf etmədiyini gördüyüm üçün yenidən evi yığışdırmağa köməklik etmədən getdim".

Cəfərin ifadəsinə görə, yanvarın 24-də, səhər saat 08:30 radələrində Raminə zəng edib və yaşadığı evə gələrək birlikdə spirtli içki qəbul etmək istədiyini deyib:

"Lakin Ramin mənə hər dəfə köməklik etmədən getdiyim üçün bərabər əyləşmək istəmədiyini dedi. Bu zaman Raminə nə üçün gödəkçəmi bilərəkdən yerə atdığını soruşdum. O, bilərəkdən atmadığını dedi. Raminə səbəbini deməsini dediyim üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı Ramin məni söyüb təhqir etdi. Bu məndə artıq əsəb yaratdı. Raminə görüşmək istədiyimi dedim. O, məni yaşadığı evə dəvət etdi. Həmin gün saat 09 radələrində Raminin yaşadığı evə çataraq qapını döydüm və Ramin qapını açaraq məni evə dəvət etdi. Evə daxil olduqdan sonra Raminə nə üçün gödəkçəmi bir neçə gün əvvəl evdə spirtli içki qəbul etdiyimiz zaman qəsdən yerə salmasını irad bildirdim, nə üçün məni söydüyünü soruşdum. Ramin əsəbləşdirdiyim üçün söyüş söydüyünü söylədi. Bu səbəbdən aramızda mübahisə yarandı və mübahisə zamanı yenidən məni söyüb təhqir etdi. Bu zaman anidən şillə ilə Raminin sifətindən vurdum, sonra boynundan əlim ilə tutaraq yumruqla burnundan vurdum. Bu səbəbdən Ramin yerə yıxıldı. Mən evi tərk edərək getdim".

Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

R
Redaktor