Cəmiyyət

Evlilikdə edilən bu səhv hər şeyi məhv edir — Açıqlama

Evlilikdə edilən bu səhv hər şeyi məhv edir — Açıqlama

Ailə dəyərlərinin dəyişməsi ailələrdə münasibətlərin gərginləşməsinə və tərəflər arasında qarşılıqlı hörmətin azalmasına səbəb olur. Son dövrlər ailə daxilində tərəflərin bir-birinə qarşı kobud rəftarı ilə bağlı hallar bəzən sosial mediada da gündəmə gəlir.

Ailə dəyərlərində baş verən dəyişikliklər ailədaxili münasibətlərə necə təsir edir və tərəflər arasında kobud rəftarın artmasının əsas səbəbləri nələrdir?

Psixoloq Zümrüd Əsədova Demokrat.az-a açıqlamasında bildirib ki, ailə dəyərlərində dəyişikliklər ailə münasibətlərinə təsir edir:

Evlilikdə edilən bu səhv hər şeyi məhv edir — Açıqlama

"Çünki ailədə tərəflərin bir-birindən gözləntiləri də dəyişir. Əvvəllər normal qəbul olunan bəzi davranışlar bu gün münasibətdə olan tərəf üçün qəbuledilməz ola bilər. Bu fərqlər danışılmadıqda və tərəflər bir-birini anlamağa çalışmadıqda münasibətlərdə gərginlik yaranır. Amma ailədə kobud rəftarın səbəbini yalnız dəyərlərin dəyişməsi ilə izah etmək doğru olmaz. Burada yığılan incikliklər, ünsiyyət çatışmazlığı, stress, maddi problemlər, qısqanclıq, nəzarət ehtiyacı və insanın uşaqlıqdan gördüyü münasibət modeli də böyük rol oynayır".

Zümrüd Əsədova söyləyib ki, bəzən insan nə hiss etdiyini düzgün ifadə edə bilmir:

"Məsələn, "Mən sənin bu davranışından incidim" demək əvəzinə qarşı tərəfi günahlandırır, səsini qaldırır və ya təhqir edir. Beləliklə, əslində ifadə olunmamış bir ehtiyac kobud davranış formasında ortaya çıxır. Bir də ailədə tərəflərin bir-birini eşitməməsi zamanla çox böyük məsafə yarada bilər. İnsan özünü dəyərsiz, eşidilməmiş və nəzərə alınmamış hiss etdikcə münasibətdə müdafiəyə keçir. Müdafiə isə bəzən hücuma çevrilir. Məncə, ailədə fikir ayrılığının olması problem deyil. Problem tərəflərin həmin fikir ayrılığı zamanı bir-birinin şəxsiyyətinə toxunmağa başlamasıdır. Çünki münasibətdə insan əsəbiləşə bilər, inciyə bilər, hətta razılaşmaya da bilər. Amma hörmət itəndə artıq söhbət sadəcə fikir ayrılığından getmir".

FH
Fidan Hacızadə
Müxbir