Gündəm

Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumu keçiriləcək

Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumu keçiriləcək

Bakıda, dekabrın 9-10-da Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumu keçiriləcək.

Bu barədə Demokrat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbir Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə baş tutacaq Forumun açılış mərasimində xarici ölkələrdə yaşayan 100-dən çox azərbaycanlı alimin, eləcə də ölkənin aparıcı elm və təhsil müəssisələrini təmsil edən 500-ə yaxın elm xadimi, gənc doktorant və tədqiqatçının iştirakı nəzərdə tutulur.

Forumun əsas məqsədi müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlərin ölkənin elm ictimaiyyəti ilə əlaqələrinin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi, xaricdə yaşayan alimlərin vahid şəbəkədə birləşdirilməsi, eləcə də I Forumdan sonra həyata keçirilən fəaliyyətlərin və qarşıdakı dövr üçün nəzərdə tutulan layihə və proqramların müzakirəsidir.

Forumun ikinci günündə xaricdən gələn alimlərin ixtisas sahələrinə uyğun olaraq ayrı-ayrı universitetlərdə görüşlərin, elmi müzakirələrin və ustad dərslərinin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumu 2024-cü il sentyabrın 9-11-də Bakıda keçirilib.

NE
Nihadə Eyyubova