Özəl

Belə maşınları satmaq olmaz — Vəkil açıqladı

Belə maşınları satmaq olmaz — Vəkil açıqladı

Vətəndaşın borcları ilə bağlı icra tədbirləri zamanı onun əmlakına, o cümlədən avtomobilinə də məhdudiyyət qoyula bilər. Belə hallarda avtomobil sahibinin həmin nəqliyyat vasitəsini satmaq və ya başqa şəxsin adına keçirmək imkanları ilə bağlı suallar yaranır.

Bəs borca görə üzərinə həbs qoyulmuş avtomobili sahibi sata və ya başqa şəxsin adına keçirə bilərmi?

Vəkil Babək Umudov Demokrat.az-a açıqlamasında deyib ki, icra tərəfindən avtomobilin üzərinə həbs qoyulması dedikdə, həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan olunması başa düşülməlidir.

Belə maşınları satmaq olmaz — Vəkil açıqladı

Onun sözlərinə görə, yəni avtomobilin üzərinə həbs qoyulubsa, onun sahibi həmin nəqliyyat vasitəsini sata, bağışlaya və ya notariat qaydasında icarəyə verə bilməz:

"Burada əsas məqsəd borclunun üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etmək və onun əmlakını icra prosesindən yayındırmasının qarşısını almaqdır. Avtomobil sahibinin mülkiyyətində qalır, lakin həmin əmlak üzərində sərəncam vermək imkanları məhdudlaşdırılır. Məsələn, şəxs üzərinə həbs qoyulmuş avtomobili satmaq və ya bağışlamaq istəyərsə, bu əməliyyatın rəsmiləşdirilməsi zamanı nəqliyyat vasitəsinin üzərində məhdudiyyət olduğu müəyyən ediləcək. Əməliyyatı həyata keçirən müvafiq qurum notarius və ya digər səlahiyyətli orqan sistemdə həmin məhdudiyyəti gördükdə avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatı həyata keçirməyəcək. Bu səbəbdən avtomobil sahibinin avtomobili başqa şəxsin adına keçirməsi və ya onu satması üçün müxtəlif yollar axtarması hüquqi baxımdan nəticə verməyəcək. Çünki nəqliyyat vasitəsinin üzərindəki həbs aradan qaldırılmadan onunla bağlı özgəninkiləşdirmə əməliyyatının rəsmiləşdirilməsi mümkün deyil.

Eyni zamanda, avtomobilə həbs qoyulması o demək deyil ki, həmin nəqliyyat vasitəsi dərhal sahibindən alınır. Həbs, ilk növbədə, əmlak üzərində sərəncam verməyə qoyulan məhdudiyyətdir. Avtomobilin faktiki olaraq götürülməsi və ya digər icra tədbirlərinin görülməsi isə konkret icra prosesindən və qəbul edilmiş qərarlardan asılı ola bilər.

Avtomobil sahibi öz nəqliyyat vasitəsi ilə bağlı qoyulmuş həbsin hansı əsasla tətbiq edildiyini və icra işinin hansı mərhələdə olduğunu müəyyənləşdirə bilər. Əgər borc ödənilibsə və ya həbsin tətbiqinə səbəb olan digər əsas aradan qalxıbsa, həmin məhdudiyyətin götürülməsi üçün müvafiq icra orqanına müraciət etmək mümkündür.

Avtomobilin sahibi yalnız həmin icra orqanının qərarı ilə və ya məhkəmənin qərarı əsasında avtomobilə tətbiq edilmiş icra tədbirləri, o cümlədən həbs ləğv edildikdən sonra nəqliyyat vasitəsini sərbəst şəkildə özgəninkiləşdirə bilər.

Yəni avtomobilin üzərinə həbs qoyulması sahibinin mülkiyyət hüququnu tamamilə aradan qaldırmır, lakin həmin əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də belə avtomobili satmaq, bağışlamaq və ya başqa şəxsin adına keçirmək istəyən şəxs əvvəlcə həbsin hüquqi əsasını aradan qaldırmalıdır".