Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib ki, xarici siyasət elə qurulmalıdır ki, heç kim Azərbaycanın işinə müdaxilə edə bilməsin. Onun sözlərinə görə, bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Cənab Prezident Yeni Azərbaycan Partiyasının Qurultayında çıxış edərkən çox önəmli, vacib və mühüm məqamlara, məsələlərə toxunub:

"Xüsusi qeyd etdi ki, bu gün Azərbaycan uğurlu xarici siyasət həyata keçirir və Azərbaycanda xarici siyasət elə bir formada aparılmalıdır ki, heç kim bizim işimizə müdaxilə edə bilməsin. Bu gün Azərbaycan dünyada, beynəlxalq müstəvidə böyük hörmətə və böyük diqqətə malikdir. Yəni Azərbaycan bu mənada dünyada böyük nüfuzu və hörməti olan, xüsusi diqqət göstərilən ölkələrdən biridir".
Deputatın sözlərinə görə, Cənab Prezidentin həyata keçirdiyi siyasətin kökündə də məhz bu məqamlar, bu məsələlər, bu kimi önəmli prinsiplər dayanır:
"Onların həyata keçirilməsi nəticəsində bu gün heç kim Azərbaycanın daxili işlərinə müdaxilə edə bilmir. Azərbaycan müstəqil, suveren və güclü dövlətdir. Günbəgün onun gücü daha da artır, daha da güclənir, daha da qüvvətlənir. Bu da təbii ki, bizim ümumi gücümüzə, ümumi potensialımıza öz töhfəsini verir".


