Hollivudun əfsanəvi aktyoru Cim Kerri şəxsi həyatı ilə bağlı sürpriz qərar verərək üçüncü dəfə nikah masasına oturub.
Demokrat.az xəbər verir ki, 64 yaşlı dünya şöhrətli aktyor uzun müddətdir gözlərdən uzaq münasibət yaşadığı sevgilisi Min Ah ilə Los-Ancelesdə keçirilən sadə və gizli mərasimlə ailə həyatı qurub.
"Maska", "Dumb and Dumber" və "Ace Ventura" deyəndə ağla gələn ilk ad, şübhəsiz ki, Cim Kerridir. Özünəməxsus mimikaları, enerjisi və canlandırdığı qeyri-adi obrazlarla yaddaşlara həkk olunan aktyor uzun illərdir kinonun ən sevilən simalarından biridir. Xüsusilə 1994-cü ildə ard-arda tamaşaçıların ixtiyarına verilən bu üç film Kerrinin karyerasında tamamilə yeni səhifə açmışdı.
Lakin onu yalnız komediya filmləri ilə xarakterizə etmək olmaz. "Truman Show" filmində yaşadığı dünyanın reallığını sorğulayan Trumana, "Eternal Sunshine of the Spotless Mind" filmində isə sevdiyi qadını yaddaşından silməyə çalışan Joela həyat verən Kerri bu dəfə bizi güldürmək əvəzinə duyğulandırmışdı. "Aydakı adam" və "Aman Tanrım" filmləri də əlavə olunduqda, aktyorun dəfələrlə izlədiyimiz ekran işləri ilə zəngin karyerası ortaya çıxır.
Son illərdə "Sonic" seriyasında doktor Robotnik rolu ilə yeni nəslin də tanıdığı aktyor bu dəfə filmi ilə deyil, şəxsi həyatındakı sürpriz hadisə ilə gündəmə gəlib. 64 yaşlı Cim Kerri üçüncü dəfə evlənib!
Cim Kerri uzun müddətdir birlikdə olduğu Min Ah ilə Los-Ancelesdə kiçik və özəl mərasimlə ailə həyatı qurub. Evlilik xəbərini aktyorun nümayəndəsi də təsdiqləyib. Münasibətlərini gözlərdən uzaq yaşamağa üstünlük verən cütlük nikahları ilə pərəstişkarlarına sürpriz edib.
Əslində Kerri ötən fevral ayında Parisdə keçirilən "Sezar" mükafatlandırma mərasimində Min Ah-a olan sevgisindən danışmışdı. Fəxri mükafatı almaq üçün səhnəyə çıxan aktyor fransız dilində etdiyi çıxışında sevgilisinə təşəkkür edib və onu sevdiyini bildirib. Cütlüyün birlikdə qatıldığı bu xüsusi gecədə Kerrinin qızı Ceyn və nəvəsi Cekson da onların yanında olub.
Bu nikah məşhur aktyorun üçüncü evliliyi olub. Kerri ilk dəfə 1987-ci ildə qızı Ceynin anası Melissa Uomer ilə evlənib və cütlük 1995-ci ildə boşanıb. Daha sonra "Dumb and Dumber" filmindəki həmkarı Loren Holli ilə 1996-cı ildə ailə həyatı qurub. Lakin bu münasibət bir ildən az davam edib.
İllər sonra yenidən evlənən aktyor Min Ah ilə münasibətində olduğu kimi, toy mərasimində də sadəliyə üstünlük verib.
Jalə


