Türkiyənin məşhur "Popstar" musiqi yarışmasının ilk qalibi Abidin Özşahinin illər sonra hansı sahədə çalışdığı məlum olub.
Demokrat.az xəbər verir ki, 2003-cü ildə ekranlara gələn "Popstar" yarışması həmin dövrdə Türkiyənin ən çox izlənilən proqramlarından birinə çevrilmişdi. Deniz Seki, Armağan Çağlayan, Ercan Saatçi və Ahmet Sanın münsiflər heyətində yer aldığı 14 həftəlik mübarizənin sonunda qalib Abidin Özşahin olmuşdu. Bundan sonra o, uzun illər "Popstar Abidin" kimi tanındı.
Özşahin yarışmaya qədər də musiqi ilə məşğul olub. O, İstanbulda albom üzərində işləsə də, maddi çətinliklər səbəbindən layihə baş tutmayıb və Adanaya qayıdıb. Daha sonra "Popstar"ın keçiriləcəyini eşidərək yarışmaya müraciət edib. Özünün sözlərinə görə, həmin vaxt əsas məqsədi məşhur olmaqdan çox, musiqi sahəsində özünə yeni imkan yaratmaq olub.
Yarışmada qalib gəldikdən sonra isə onun həyatı kəskin şəkildə dəyişib. Bir müddət böyük şöhrət qazanan Özşahin küçədə rahat hərəkət edə bilmədiyini bildirib. O, həmin dövrü xatırlayaraq 20 il əvvəl böyük tanınmışlıq qazandığını qeyd edib.
Lakin müğənninin sözlərinə görə, yarışmada qalib olmaq avtomatik olaraq uzunmüddətli musiqi karyerasına zəmanət verməyib.
"Bu yarışma sadəcə bir platforma idi. Birinci olursunuz, amma uğurun davamı müqavilə bağladığınız prodüserdən asılıdır. Star olacaqsınızsa, onsuz da olacaqsınız, olmayacaqsınızsa, kimsə nə etsə də, olmayacaq", – deyə Özşahin bildirib.
O, sürətlə qazandığı şöhrətin bir müddət sonra azalacağını da əvvəlcədən düşündüyünü söyləyib. Özşahin həyatını yalnız müğənnilik üzərində qurmadığını, hər zaman alternativ planlarının olduğunu vurğulayıb.
Şöhrətdən sonrakı dövrdə Özşahin tədricən başqa istiqamətə yönəlib. O, reklam musiqiləri hazırlamağa başlayıb, müxtəlif agentliklərlə əməkdaşlıq edib və zaman keçdikcə korporativ kommunikasiya və brend məsləhətçiliyi sahəsinə keçib.
2017-ci ildə öz şirkətini quran Özşahin hazırda Ankarada fəaliyyət göstərir. O, şirkətlərə korporativ kommunikasiya və brend strategiyası ilə bağlı məsləhətlər verir.
Maraqlıdır ki, keçmiş şöhrəti onun iş həyatında da zaman-zaman qarşısına çıxır. Görüşlər zamanı bəzi müştərilər onu əvvəlcə haradasa gördüklərini deyirlər. Kimliyini xatırladıqdan sonra isə "Siz Popstar-a qatılmamışdınız? Biz sizə səs vermişdik!" deyərək keçmişi yada salırlar.
Bununla belə, Özşahin musiqidən tamamilə uzaqlaşmayıb. Hazırda musiqidən gəlir əldə etməsə də, mahnı bəstələməyə davam edir. Beləliklə, vaxtilə televiziya ekranlarının məşhur simalarından biri olan "Popstar Abidin" bu gün biznes və brend məsləhətçiliyi sahəsində fəaliyyətini davam etdirir.


Jalə


