Sosial

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman sağlamlıq üçün vacibdir, amma düzgün məşq edilmədikdə ciddi fəsadlara da yol aça bilər. Bu gün idman zallarında çalışan bəzi məşqçilərin peşəkar hazırlığı və müvafiq sertifikatının olub-olmaması sual doğurur. Bəzən sağlamlığını və fiziki formasını mütəxəssisə etibar edən insanlar qeyri-peşəkar məşqçinin yanlış yönləndirməsi ilə üz-üzə qalırlar.

Qeyd edək ki, ölkədə idman fəaliyyəti "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunvericiliyə əsasən, idman zallarında məşqçi kimi çalışmaq üçün müvafiq idman təhsili və ya akkreditasiyadan keçmiş sertifikat tələb olunur.

Bəs idman zalında məşqçi kimi fəaliyyət göstərmək üçün hansı tələblər var? Sertifikatsız şəxslərin fəaliyyətinə kim nəzarət edir və məşqçinin peşəkarlığını necə müəyyənləşdirmək olar?

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, ali idman təhsili olan şəxslər üçün əlavə sertifikat tələbi yoxdur:

"İdman akademiyasını bitirən, yəni bu sahədə ali təhsili olan şəxslərdən əlavə sertifikat tələb olunmur. Çünki onlar universitetdə təhsil aldıqları müddətdə bu peşənin incəliklərini öyrənir və xüsusi imtahanlar verirlər".

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı da zallardakı mövcud vəziyyəti dəyərləndirərək sertifikatlaşdırmanın əhəmiyyətini vurğulayıb:

"Əslində hər yerdə belə məşqçilər var. Hal-hazırda onların savadı önəmlidir. Sertifikat olmaya bilər, ama əsas odur ki, savadları olsun. Bununla belə, sertifikatın olmağı pis şey deyil, əslində mütləqdir və vacib məsələdir. Çünki sertifikat bir tərəfdən də məşqçinin savadından, idman təhsilindən xəbər verir. Amma sertifikatı olmayan, lakin savadı olan məşqçilər də var ki, işi bununla da idarə etmək olar. Hər halda məşqçilərin hamısında sertifikatlaşdırma olsa, daha yaxşı olar".

Kamil Zeynallı qeyd edib ki, sözügedən məsələ ilə bağlı Bodibildinq Federasiyası məşğul olur:

"Məşqçilər özləri ora müraciət etməlidirlər. Mən özüm də illərcə sertifikatsız başlamışam, sonradan sertifikatımı almışam. Ona görə də bu gün bu məsələdə həm savad əsasdır, həm də savadla yanaşı sertifikatın olması vacibdir".