Özəl

Maaş artımı bu şəxslərə şamil ediləcək

Maaş artımı bu şəxslərə şamil ediləcək

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib ki, artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının Qurultayında minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılacağını bəyan etdi:

Maaş artımı bu şəxslərə şamil ediləcək

"Eyni zamanda, cənab Prezident bununla bağlı göstərişlərin verildiyini də bildirdi. Nəzərə alsaq ki, bütövlükdə bu, növbəti il yeni sosial paketin icrası anlamına gəlir və cənab Prezidentin qeyd etdiyi kimi, vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsi və bu istiqamətdə büdcə ayırmalarının artırılması prioritet olaraq qalmaqdadır. Bu da təbii ki, artıq növbəti il yeni sosial paketin, 6-cı sosial paketin reallaşacağı anlamına gəlir. Təbii ki, 2027-ci ilin dövlət büdcəsində də həmin artımlar nəzərdə tutulub. Belə ki, növbəti ilin büdcə xərclərinin 44 faizi sosial istiqamətə yönəldiləcək və bu, 18,5 milyard manat vəsaitin bu istiqamətə ayrılması anlamına gəlir. Bu, eyni zamanda, növbəti il sosial proqramlara daha çox vəsaitin ayrılması deməkdir".

Onun sözlərinə görə, o baxımdan, 2027-ci ildə praktiki olaraq sosial istiqamətə daha çox vəsaitin ayrılması və sosial təminat tədbirlərinin gücləndirilməsini müşahidə edəcəyik:

"Bu, xüsusən də nəzərə alsaq ki, minimum əməkhaqqındakı artımlar artıq mütəmadi xarakter daşıyır. Çünki cənab Prezident tərəfindən imzalanmış qanunvericilikdəki dəyişikliyə əsasən, Azərbaycanda minimum əməkhaqqının artırılması artıq mütəmadi xarakter alacaq. Bu, eyni zamanda o anlamına gəlir ki, növbəti ildən etibarən hər il Azərbaycanda minimum əməkhaqqının məbləğinə baxılacaq. Pensiyaların indeksləşdirilməsi də 2027-ci ilin yanvar ayında reallaşacaq. Bu da, təbii ki, 1 milyon 100 min vətəndaşımızı əhatə etməklə bütün növ pensiyaların indeksləşdirilməsi nəticəsində yeni artımlar anlamına gəlir və sözsüz ki, bu, əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək. Sosial müavinətlərdə də artım nəzərdə tutulur. Bu da onu göstərir ki, növbəti il yalnız əməkhaqqı və pensiyalar deyil, eyni zamanda müavinətlər də artırılacaq. Bu isə kifayət qədər genişmiqyaslı və daha çox vətəndaşımızı əhatə edən sosial təminat tədbirlərinin həyata keçiriləcəyindən xəbər verir".

FH
Fidan Hacızadə
Müxbir