Musiqiyə qulaq asmaq insanın ürək-damar sisteminin fəaliyyətinə, o cümlədən nəbzin tezliyinə və arterial təzyiqə təsir göstərə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə həkim-psixoterapevt, tibb elmləri namizədi İrina Kraşkina məlumat verib.
Mütəxəssis bildirib ki, orqanizmin musiqiyə reaksiyası səslərin beyin tərəfindən emalı və onun emosional reaksiyası ilə əlaqəlidir. Melodiya sinir sistemi vasitəsilə oyanma və rahatlamaya cavabdeh olan simpatik və parasimpatik sinir sistemlərinin fəaliyyət nisbətini dəyişə bilər.
Həkimin sözlərinə görə, xüsusilə musiqinin tempi və səs gücü nəzərəçarpacaq təsir göstərir. Sürətli, ritmik və yüksək səslə səsləndirilən musiqi oyanmanı artıra, ürək döyüntüsünü və tənəffüsü sürətləndirə, həmçinin qısa müddət ərzində təzyiqi yüksəldə bilər. Əksinə, yavaş, rəvan və proqnozlaşdırıla bilən ritmə malik kompozisiyalar daha çox rahatlamağa, nəbzi yavaşlatmağa və arterial təzyiqi bir qədər aşağı salmağa kömək edir.
Onun sözlərinə görə, musiqinin konkret xüsusiyyətləri ilə yanaşı, insanın fərdi reaksiyası da mühüm rol oynayır. Məsələn, klassik və ya instrumental musiqi, insanın sevdiyi mahnılar və təbiət səsləri sakitləşdirici təsir göstərə bilər.
Araşdırmaların nəticələrinə əsasən, rahatladıcı musiqiyə müntəzəm qulaq asmaq, o cümlədən hipertoniyası olan insanlarda, təzyiqi və narahatlıq səviyyəsini bir qədər azalda bilər. Bununla belə, musiqi arterial hipertoniyanın müalicəsini tam əvəz edə bilməz.
Psixoterapevt əlavə edib ki, insanın yaşı, stress səviyyəsi, sağlamlıq vəziyyəti və musiqi ilə bağlı şəxsi seçimləri kimi fərdi xüsusiyyətlər də xüsusi əhəmiyyət daşıyır. Eyni musiqi əsəri müxtəlif insanlarda həm sakitləşdirici təsir göstərə, həm də emosional oyanmaya səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, musiqidən ürək-damar problemləri olan pasiyentlərin reabilitasiyasında əlavə vasitə kimi istifadə etmək mümkündür. Onu relaksasiya, tənəffüs məşqləri və bərpaedici məşğələlər zamanı dinləmək tövsiyə olunur.
Lakin səsin səviyyəsini tənzimləmək vacibdir. Həddindən artıq yüksək səs qıcıqlanma və narahatlıq yarada bilər.
Jalə


