"Fənərbağça Medicana"nın kapitanı Eda Erdem yeni mövsüm öncəsi komandanın hazırlığı, baş məşqçi Stefano Lavarini, türk qadın voleybolunun inkişafı və Avropa çempionatında yaşananlarla bağlı açıqlamalar verib.
Demokrat.az-ın məlumatına görə, Eda Erdem bildirib ki, Avropa çempionatından sonra klub mövsümünə qayıtmaq komandaya yaxşı təsir edib. Onun sözlərinə görə, Lavarini ilə əvvəlki mövsümdə formalaşan yaxşı münasibət davam edir.
"Stefano ilə çox gözəl keçirdiyimiz bir mövsümümüz olmuşdu. Çox yaxşı ünsiyyətimiz var idi. Qaldığımız yerdən davam edirik. Bizi gözəl mövsüm gözləyir. O, sosial baxımdan açıq, ünsiyyəti güclü məşqçidir. Komandadakı hər kəslə maraqlanmağa və əlindən gələnin ən yaxşısını etməyə çalışır. Əhvalımız çox yaxşıdır, yaxşı işləyirik", deyə o bildirib.
"Türk xalqının qəlbində qadın voleybolunun xüsusi yeri var"
Eda Erdem Türkiyədə qadın voleybolunun son illərdə sürətlə inkişaf etdiyini və bunun əsas səbəblərindən birinin milli komandanın və klubların qazandığı uğurlar olduğunu vurğulayıb.
"Ölkəmiz qadın voleybolunu çox sevir. Türk xalqının qəlbində qadın voleybolunun xüsusi yeri olduğunun fərqindəyik. Bu da klub mövsümünə təsir edir. "Fənərbaxça", "VakıfBank", "Eczacıbaşı" və son illərdə "Qalatasaray" kimi komandaların bu sahəyə investisiya yatırması, keyfiyyətli oyunçuların gəlməsi və liqanın dünyanın ən yaxşı liqalarından biri kimi qəbul edilməsi ilə inkişaf daha da sürətlənib. Hazırda Türkiyədə yüksək səviyyəli voleybol oynanılır", deyə kapitan qeyd edib.
"Hədəfimiz Çempionlar Liqasını qazanmaqdır"
39 yaşlı voleybolçu yeni mövsümdə əsas hədəflərindən birinin CEV Çempionlar Liqasının qalibi olmaq olduğunu açıqlayıb.
O, komandanın heyətində hər mövqedə keyfiyyətli oyunçuların olduğunu və geniş rotasiyanın mövsüm ərzində komandaya kömək edəcəyini bildirib.
"Bu mövsüm də hər il olduğu kimi hədəfimiz Çempionlar Liqasını qazanmaqdır. Komandadakı oyunçu seçiminin geniş olması bizim üçün faydalıdır. Yaxşı komanda qurmuşuq və hər mövqedə yaxşı oyunçularımız var. Bu mövsüm də iddialıyıq. Ümid edirəm ki, nəhayət istədiyimiz hədəfə çatacağıq", deyə Eda Erdem qeyd edib.
Varqasın göz yaşları
Eda Erdem Avropa çempionatının finalında Melissa Varqasın emosional anları ilə bağlı suala da cavab verib. O, komanda daxilində oyunçuların bir-birini çox yaxşı tanıdığını və bəzən kiçik bir jestin belə matçın gedişinə təsir edə bildiyini deyib.
"Biz uzun illərdir bu səviyyədə oynayırıq. Komanda olaraq bir-birimizi çox yaxşı tanıyırıq və anlayırıq. Onsuz da aramızda gözəl dostluq var. Bir baxış, bir hərəkət, bir toxunuş, bir qışqırıq və ya bir göz yaşı hər şeyi dəyişə bilər. Həmin epizodda da bunların hamısını yaşadıq. O anda komandanın bir bütöv olması, Varqasın və hər kəsin bir-birinə dəstək verməsi ilə Avropa çempionluğu gəldi. Biz idmanı buna görə sevirik. Çünki hər an hər şey dəyişə bilər. Həmin anlar çox dəyərlidir", deyə kapitan vurğulayıb.
"Fənərbaxça" formasında mübarizə aparmaq əvəzolunmazdır"
Eda Erdem "Fənərbaxça"da 19-cu mövsümünə başlayacağını da xatırladıb. O, klubun həyatında xüsusi yer tutduğunu bildirib.
"Burada böyüdüm, burada Eda Erdem oldum. "Fənərbaxça"nı bir neçə sözlə ifadə etmək çox çətindir. Bura böyük ailədir. Yaxşı və pis gününüzdə hər an yanınızda olduğunu bilirsiniz. Bu forma altında, bu azarkeşlər və bu camiə üçün mübarizə aparmaq əvəzolunmazdır. Deyə bilərəm ki, "Fənərbaxça" mənim üçün vazkeçilməzdir", deyə o bildirib.
Eda Erdem öz heykəlinin qarşısından keçərkən keçirdiyi hisslərdən də danışıb. Voleybolçu heykəlinin qoyulmasından qürur duyduğunu və insanların onun qarşısında şəkil çəkdirməsini görməyin onu sevindirdiyini söyləyib.
Jalə


