"Romantik makiyaj" ifadəsini son zamanlar tez-tez eşidirik. Bəs romantik makiyaj nədir və necə edilir?
Demokrat.az romantik makiyajın necə edildiyinə keçməzdən əvvəl onun nə olduğunu izah edir.
Romantik makiyaj dərinin canlı və daha sağlam görünməsini təmin edən makiyaj növüdür. Onu "mübaliğəsiz makiyaj" kimi də xarakterizə etmək olar.
Romantik makiyaj necə edilir?
Romantik makiyaj etmək üçün lazım olan bütün məsləhətləri təqdim edirik.
1. Nəmləndirici ilə başlayın
Makiyaja başlamazdan əvvəl dərinizi yaxşıca təmizləyin və nəmləndirici krem çəkin. Nəmləndirici tam hopana qədər makiyaja başlamayın.
2. Tonal krem və ya BB krem tətbiq edin
Nəmləndiricidən sonra dərinin daha canlı görünməsini təmin edən tonal kremə keçin. Dərinizdə ciddi problem yoxdursa, tonal krem əvəzinə daha yüngül teksturalı BB kremlərdən istifadə edə bilərsiniz. Daha təbii görünüş əldə etmək üçün tonal kremi və ya BB kremi fırça, yaxud makiyaj süngəri ilə tətbiq edin.
3. Gözaltı örtücü tətbiq edin
Gözaltındakı qüsurları örtmək üçün konsiler fırçasından istifadə edərək örtücü tətbiq edin. Məhsulu həddindən artıq qalın çəkməməyə və yaxşı yaymağa diqqət yetirin.
4. Gözlərə kölgə verin
Romantik makiyajın ən vacib mərhələlərindən biri göz makiyajıdır. Şişirtmədən təbii göz makiyajı üçün qəhvəyi tonlardan istifadə etmək tövsiyə olunur. Bürünc rəngli göz kölgəsini göz qapaqlarınıza çəkin və qəhvəyi göz kölgəsi ilə yüngül kölgələndirin. Daha sonra qəhvəyi göz qələmi ilə nazik, lakin uclu layner çəkin. Sonda yüngül tuş tətbiq edin.
5. Qaş makiyajı
Qaşlarınızı çıxış istiqamətində darayın və qaş rənginizə uyğun qələm vasitəsilə onların təbii formasını pozmadan yüngül şəkildə rəngləndirin.
6. Yanaqları vurğulayın
Romantik makiyajın digər mühüm mərhələsi yanaqlarda şaftalı və ya çəhrayı tonlardan istifadə etməkdir. Bu rənglərdən birini seçərək yanaqlarınızı yüngül şəkildə vurğulayın.
7. Dodaq boyası çəkin və makiyajı tamamlayın
Təbii tonlarda dodaq boyası çəkin. İstəsəniz, makiyaj sabitləyici sprey istifadə edərək makiyajınızı tamamlayın.
Jalə


