Hərbi

"Ordumuzun güclü olması vacib amillərdən biridir"

Ordumuzun güclü olması vacib amillərdən biridir

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib ki, əsas vəzifələrdən biri hərbi gücün artırılmasıdır. Azərbaycanın şanlı Zəfər qazandığını, bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin olmadığını və digər amilləri sadalayan dövlət başçısı hərbi gücümüzün artırılmasının nə üçün lazım olduğuna aydınlıq gətirib.

Demokrat.az-a mövzu ilə bağlı danışan hərbi ekspert Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan çətin bir regionda yerləşir:

Ordumuzun güclü olması vacib amillərdən biridir

"Azərbaycanın dörd dəniz sərhədi, altı quru sərhədi var və Cənubi Qafqaz tarixən hər zaman qaynar nöqtə olub. Bilirsiniz ki, Azərbaycan müstəqillik qazanmamışdan əvvəl və sonra Ermənistanla 30 ildən artıq müharibə dövrü yaşayıb. Birinci Qarabağ müharibəsi, İkinci Qarabağ müharibəsi… Rusiyanın dəstəyi ilə Ermənistan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın, demək olar ki, 20 faiz ərazisini işğal etmişdi. Azərbaycan uzun illər ərzində ordunu yeni müharibəyə hazırlayırdı. Ordunun döyüş qabiliyyətini yüksək səviyyəyə qaldırır, müasir silahlar əldə edir, həmin silahların istifadəsi və öyrənilməsi istiqamətində Silahlı Qüvvələrdə təlimlər keçirirdi. Nəhayət, zamanı çatdı və Azərbaycan 44 günlük müharibədə öz ərazi bütövlüyünü bərpa etdi, Ermənistanın silahlı qüvvələri ərazimizdən qovuldu. Bildiyiniz kimi, Azərbaycanın şimalında böyük dövlət olan Rusiya ilə həm quru, həm də dəniz sərhədimiz var. Cənubda isə İranla həm quru, həm də dəniz sərhədimiz mövcuddur. Hər iki dövlət hazırda müharibə vəziyyətindədir. İran ABŞ və İsraillə, Rusiya isə Ukrayna ilə müharibə aparır".

Onun sözlərinə görə, eyni zamanda, Cənubi Qafqazda delimitasiya və demarkasiya prosesi tam başa çatmayıb:

"Azərbaycan Ermənistanla bu istiqamətdə addımlar atır. Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyanın fəaliyyəti nəticəsində Qazaxın dörd kəndi Azərbaycana qaytarılıb. Hazırda həmin kəndlərdə mina təmizləmə prosesi aparılır. Bununla belə, Azərbaycanın dörd kəndi-Qazaxın üç kəndi və Naxçıvanın bir kəndi hələ də Ermənistanın nəzarətindədir. Bu istiqamətdə də Şahin Mustafayevin rəhbərlik etdiyi komissiya tərəfindən müvafiq addımlar atılır. Bu gün Ermənistanın siyasi hakimiyyəti ilə danışıqlar aparılsa da, Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edilməyib və sülh müqaviləsi hələ imzalanmayıb. Yəni Cənubi Qafqazda sülh müqaviləsi bağlanmayıbsa, müəyyən gərginlik də qalır. Prezidentimiz gözəl bilir ki, Azərbaycanın Silahlı Qüvvələri daim yüksək döyüş qabiliyyətinə malik olmalı və müasir silahlarla təmin edilməlidir. Çünki hər hansı bir istiqamətdən-şimaldan, cənubdan, Ermənistan tərəfdən və ya digər sərhədlərdən təhlükə və pozuntular yarana bilər. Buna görə də ordumuzun güclü olması vacib amillərdən biridir. Cənubi Qafqaz tarixən hər zaman qaynar nöqtə olub. Tarixə baxdıqda da bunu görmək mümkündür. Ona görə də Prezident bütün bunları nəzərə alaraq, ordunun hazırlığı, inkişafı və müasir silahlarla, ilbəil yenilənən hərbi texnika ilə təmin edilməsi məsələsini önə çəkir. Bu, vacib amillərdən biridir".

Rövşən Məhərrəmov əlavə edib ki, hətta Ermənistanla sülh müqaviləsi bağlansa belə, yeni təzyiq və ya hər hansı pozuntu ola bilər:

"Ona görə Azərbaycan tərəfi və dövlət başçısı ordunun hər zaman döyüş hazırlığı vəziyyətində olmasının, yüksək döyüş qabiliyyətinə malik olmasının vacibliyini yaxşı bilir. Bu baxımdan, ordunun daim inkişaf etdirilməsi və yüksək hazırlıq səviyyəsində saxlanılması vacibdir. Şübhə yoxdur ki, bu gün Azərbaycan Ordusu NATO standartlarına uyğun, Türk modelini əsas götürməklə hazırlanır. Texnikaların alınması, ştat strukturunun yenilənməsi və həmin struktura uyğun olaraq ordunun yeni silahlarla təmin edilməsi təqdirəlayiqdir. Güman edirəm ki, bu proses davam edəcək və daim davam etməlidir. Çünki illər keçdikcə yeni silahlar və hərbi texnologiyalar ortaya çıxır. Azərbaycan da həmin müasir silahları əldə etməlidir. Ən vacib məsələlərdən biri də budur ki, Ermənistan sülhdən danışmasına baxmayaraq, müdafiə silahlarından əlavə, hücum xarakterli silahlar da əldə edir. Əsasən Hindistan, Fransa və digər dövlətlərdən müxtəlif silahlar alır. Bu isə Azərbaycan üçün hər zaman müəyyən təhlükə yaradır. Ona görə də Ermənistanın əldə etdiyi silahlara alternativ müasir silahların Azərbaycanda olması vacibdir. Azərbaycan həmin istiqamətdə düzgün addımlar atır və bu, ən mühüm məsələlərdən biridir".

FH
Fidan Hacızadə
Müxbir