Astrologiya və numerologiyaya görə, ilin bəzi aylarında doğulan insanların intuisiya və hadisələr arasındakı gizli əlaqələri sezə bilmə qabiliyyətinin daha güclü olduğu iddia edilir.
Demokrat.az xəbər verir ki, bu barədə "Parade" yazıb.
Bu yanaşmaya əsasən, belə insanlar bəzən qarşı tərəfin nə deyəcəyini əvvəlcədən anlayır, müəyyən hadisələrin necə inkişaf edəcəyini hiss edir və bəzi hallarda baş verəcək hadisələrlə bağlı öncədən "daxili bilik" yaşayırlar. Bu hisslər yuxular, qəfil fikirlər və ya izahı çətin olan duyğular şəklində ortaya çıxa bilər.
Astroloji şərhlərdə xüsusilə fevral, iyun, sentyabr və oktyabr aylarında doğulanlar qeyd olunur.
Fevral
Fevral ayında doğulanların Dolça və Balıqlar bürclərinin təsirini daşıdığı bildirilir. Dolçanın gələcəyə yönəlmiş düşüncəsi ilə Balıqların həssaslığının birləşməsinin güclü intuisiya yaratdığı iddia olunur. Bu insanların bəzi öncəgörmələrinin yuxular və qəfil hisslər vasitəsilə ortaya çıxdığı düşünülür.
İyun
İyun ayında doğulanlar Əkizlər və Xərçəng bürclərinin təsiri ilə əlaqələndirilir. Əkizlərin məlumat toplamaq və faktları müqayisə etmək xüsusiyyəti Xərçəngin emosional həssaslığı ilə birləşir. Bu səbəbdən onların hadisələr arasındakı əlaqələri və insanların əhvalındakı dəyişiklikləri digərlərindən daha tez sezə bildiyi iddia edilir.
Sentyabr
Sentyabr doğumlular Qız və Tərəzi bürcləri ilə əlaqələndirilir. Astroloji yozumlara görə, onların müşahidə qabiliyyəti güclü olur və insanların davranışındakı kiçik dəyişiklikləri tez fərq edə bilirlər. Bu xüsusiyyətin insanın xarakterini və niyyətlərini əvvəlcədən anlamağa kömək etdiyi bildirilir.
Oktyabr
Oktyabr ayında doğulanların Tərəzi və Əqrəb bürclərinin xüsusiyyətlərini birləşdirdiyi qeyd olunur. Tərəzinin sosial həssaslığı ilə Əqrəbin dərin müşahidə qabiliyyətinin bir araya gəlməsi nəticəsində bu insanların qarşı tərəfin demədiyi hiss və niyyətləri belə sezə bildiyi iddia edilir.
Bəzi astroloji mənbələr bu vəziyyəti "Kassandra effekti" ilə əlaqələndirir. Bu ifadə insanın baş verəcək hadisəni əvvəlcədən hiss etməsi, lakin ətrafındakıların onun xəbərdarlığına inanmaması mənasında işlədilir.
Qeyd edək ki, astrologiya və numerologiya elmi disiplinlər hesab edilmir. İnsanların doğulduğu ay ilə gələcəyi qabaqcadan görmək və ya fövqəltəbii intuisiya arasında elmi cəhətdən təsdiqlənmiş əlaqə yoxdur. Bu tip məlumatlar əsasən əyləncə xarakterli astroloji yozumlardır.
Jalə


