Sumqayıt şəhərində 42 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən kafenin arxa hissəsində baş verib.
1984-cü il təvəllüdlü Ülvi həmin ərazidə arvadı Zeynəblə (adlar şərtidir – red.) mübahisə edib. Mübahisə zamanı o, arvadının boyun nahiyəsini və sağ qolunu əli ilə sıxıb, dırnaqları ilə xəsarət yetirib, sol əlini isə geriyə doğru qəsdən qatlamaqla fiziki ağrı yetirib.
Ülvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zeynəb onun həyat yoldaşıdır, 20 ildən artıqdır ki, evlidirlər:
"Həyat yoldaşım kafedə işləyir. Məlum hadisə günü, saat 11:00 radələrində onun iş yerinə getdim. Onu kafenin arxasına çağırdım və işdən çıxması ilə bağlı danışıq aparmağa başladım. Zeynəb etiraz etdikdə mübahisəmiz yarandı. Həmin mübahisə zamanı əsəbləşərək onun boğazından bir əlim ilə tutaraq sıxdım və bir əlim ilə də saçlarından tutaraq yoldum".
Təqsirləndirilən şəxs qeyd edib ki, Zeynəbi kənara itələdikdə qollarından tutaraq sıxıb və daha sonra mübahisə geniş vüsət almasın deyə onu buraxıb, həmin ərazini tərk edib.
O, ifadəsinin sonunda arvadı ilə barışdığını, ailə kimi bir evdə yaşadıqlarını, əməlindən peşman olduğunu, aralarında barışıq olduğunu, arvadının ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını deyib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Ülvi aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli


