Avropada sığınacaq taparaq Azərbaycan dövlətinə və xalqına qarşı fasiləsiz olaraq şər-böhtan kampaniyası aparan Altay Göyüşovun rəhbərlik etdiyi "Baku Research Institute" saytında Viken Çeterianın qondarma və birtərəfli məqaləsinin dərc olunması heç də təsadüfi deyil. Öz şəxsi maraqlarını və xarici dairələrin sifarişlərini Vətən maraqlarından üstün tutan belə bir satqın "tarixçinin" Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə kölgə salan yalan və böhtan dolu materialları öz platformasında yayması birbaşa Vətənə xəyanətdir. Azərbaycan cəmiyyəti bu cür anti-milli ünsürlərin çirki təbliğatını yaxşı tanıyır və hər zaman olduğu kimi, tarixi reallıqlarla onların iddialarını darmadağın edir.
Qarabağ coğrafi, tarixi və mədəni baxımdan həmişə Azərbaycan xalqının ayrılmaz hissəsi olub. Qədim mənbələr bölgənin qədim türk tayfalarının məskəni olduğunu, xristianlaşmış alban tayfalarının isə erməni kilsəsinin qriqoryanlaşdırma siyasəti nəticəsində tədricən assimilyasiyaya məruz qaldığını sübut edir. Orta əsrlərdə Qarabağ Azərbaycanın feodal dövlətlərinin, o cümlədən Ağqoyunlu, Qaraqoyunlu və Səfəvilər imperiyalarının mərkəzi bölgələrindən biri olmuş, XVIII əsrin ortalarından etibarən isə Pənahəli xanın əsasını qoyduğu Qarabağ xanlığı kimi müstəqil Azərbaycan dövlətçiliyinin mühüm ocağı kimi fəaliyyət göstərmişdir.
Bütün tarixçilərə və araşdırmaçılara aydındır ki, erməni müəlliflərin və onların havadarlarının "qədim erməni torpaqları" mifi heç bir tarixi əsasa söykənmir. Qarabağda və Cənubi Qafqazda erməni əhalisinin kütləvi şəkildə peyda olması XIX əsrin əvvəllərinə təsadüf edir.Tarixi mənbələrdə,arxiv sənədlərində aydın şəkildə qeyd olunduğu kimi, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrindən sonra çar Rusiyası tərəfindən İran və Osmanlı imperiyalarından on minlərlə erməni ailəsi kütləvi şəkildə Azərbaycan torpaqlarına- İrəvan, Naxçıvan və Qarabağın dağlıq hissəsinə köçürüldü.
Sovet hakimiyyəti illərində isə bolşevik rəhbərliyinin siyasəti nəticəsində, 1923-cü ilin iyulunda Azərbaycan SSR daxilində süni şəkildə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Bu addım gələcək separatizm ocaqlarının yaranması üçün qoyulan əsas mina idi. Başdan-başa yalan və saxtakarlıq üzərində qurulan məqalədə guya erməni irsinin məhv edildiyi iddia olunur, lakin gerçəklik tamamilə əksini göstərir. Otuz illik işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağda və ətraf rayonlarda Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irs sistemli şəkildə məhv edilmişdir: İşğal altındakı torpaqlarda yüzlərlə məscid, tarixi abidə, qəbiristanlıq, muzey yerlə-yeksan edilmiş, məscidlər heyvan saxlamaq üçün tövlə kimi istifadə olunmuşdur. Şuşa şəhərindəki tarixi abidələr, Üzeyir Hacıbəyovun, Bülbülün ev-muzeyləri talan edilmişdir. Bu vandalizm siyasəti beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunsa da, erməni tərəfi və onların havadarları bunu hər zaman ört-basdır etməyə çalışmışlar. Altay Göyüşov və onun sevimli qardaşı Viken Çeteriana da bəllidir ki, Ermənistanın illərlə davam edən təcavüzkar siyasətinə və yeni müharibə hədələrinə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinə başladı. "Dəmir Yumruq" əməliyyatı nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik işğala son qoydu, torpaqlarımız azad edildi və BMT Təhlükəsizlik Şurasının qətnamələri təkbaşına icra olundu. Bu qələbə Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə gücünü bütün dünyaya nümayiş etdirdi.
İşğaldan azad edilmiş ərazilərdə erməni separatçılarının və qanunsuz hərbi birləşmələrin qalmaqda davam etməsi, habelə mütəmadi olaraq təxribatlar törətməsi fonunda Azərbaycan 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən lokal xarakterli anti-terror tədbirləri həyata keçirdi. Bu əməliyyat nəticəsində separatçı rejim kapitulyasiyaya məcbur edildi və Azərbaycanın suverenliyi bütün ölkə ərazisində bərpa olundu.
Qarabağdakı erməni sakinlərə gəldikdə isə, onların bölgəni tərk etməsi heç bir şəkildə Azərbaycan dövlətinin etnik təmizləmə siyasətinin nəticəsi deyil. Əksinə, bu, illər boyu Qarabağ ermənilərini girov saxlayan, onları təbliğatla qorxudan və Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa imkan verməyən yerli separatçı hərbi xunta rejimi və kriminal ünsürlərin birbaşa təzyiqi, habelə Ermənistan rəhbərliyinin göstərişi ilə baş tutmuşdur. Azərbaycan dövləti hər zaman həmin ərazidə yaşayan erməni əhaliyə bərabər hüquqlar təklif etsə də, separatçılar insanları məcburi şəkildə köçürməyə yönləndirmişdilər.
Son olaraq Viken Çeterian və onun məqaləsini sevə-sevə öz saytında dərc edən Altay Göyüşov anlamalıdırlar ki,tarixi saxtalaşdırmaqla, Altay Göyüşov kimilərin platformalarından istifadə edərək reallığı təhrif etmək qeyri-mümkündür. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini qanuni şəkildə bərpa edib. Qarabağ əzəli Azərbaycan torpağı idi, bu gün də ömrü boyu Azərbaycanın ayrılmaz hissəsi olaraq qalacaqdır.

Nahid Canbaxışlı,
"Vətəninfo.az İnformasiya Agentliyi"nin Baş redaktoru, "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin sədri

