2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Qeyd olunub ki, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,9 faiz, qeyri-qida məhsulları 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,6 faiz bahalaşıb. Cari ilin avqust ayında istehlak qiymətləri iyul ayına nisbətən 0,2 faiz, 2025-ci ilin avqust ayı ilə müqayisədə isə 5,7 faiz artıb.
İnflyasiya təzyiqinin artması ölkədə maaşların qaldırılması mövzusunu gündəmə gətirir. Qiymət artımı fonunda əhalinin alıcılıq qabiliyyətinin qorunması üçün gəlirlərin indeksləşdirilməsi zərurəti yaranır.
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Aslan Əzimzadə bildirib ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində istehlak qiymətlərində müəyyən artım müşahidə olunub:
“Təbii ki, burada əsas məsələ bu artımı səciyyələndirən başlıca istiqamətləri müəyyən etməkdir. Qeyd olunmalıdır ki, Azərbaycanda monetar inflyasiyadan daha çox idxal inflyasiyası mövcuddur. Ölkədə bütövlükdə inflyasiyanın pul kütləsi, yaxud pul kütləsinin artımı ilə hər hansı güclü əlaqəsi yoxdur. Bu artım birmənalı olaraq daha çox idxal amili ilə formalaşır. Belə ki, hazırda yerli istehsalın dayanıqlı inkişafı qarşısında müxtəlif baryerlər mövcuddur. Bunun əsas səbəblərindən biri yerli istehsal müəssisələrinin öz təsərrüfatlarına müasir texnologiyaları implementasiya edə bilməməsidir. Çünki müasir texnologiyaların, o cümlədən bio-, nano-, hüceyrə mühəndisliyi və digər istiqamətlər üzrə texnologiyaların təsərrüfat subyektlərinə tətbiqi kifayət qədər ciddi maliyyə vəsaiti tələb edir. Bu maliyyə vəsaitinin daxili investisiya imkanlarının yetərincə inkişaf etməməsi səbəbindən sahibkarlıq subyektlərinə lazımi səviyyədə ötürülməsi mümkün olmur”.
İqtisadçı qeyd edib ki, digər tərəfdən, bankların sahibkarlıq subyektlərinə təklif etdiyi kreditlərin faiz dərəcələrinin yüksək olması və bunun rentabelliklə müqayisədə ciddi disbalans yaratması sahibkarlıq subyektlərinin ucuz kreditlərlə təmin olunması problemini də ortaya çıxarır:
“Məhz ucuz maliyyə vəsaitləri əldə edə bilməyən sahibkarlıq subyektləri müasir texnologiyaları öz təsərrüfatlarına tətbiq edə bilmirlər. Nəticə etibarilə, yerli istehsalın idxal məhsulları ilə müqayisədə rəqabətqabiliyyətliliyi azalır və idxal məhsullarının payı artır. İdxal məhsullarının qiymət artımı isə birbaşa inflyasiyanın formalaşmasına təsir göstərir. İlkin olaraq əsas amillər kimi bunları qeyd etmək lazımdır. Təbii ki, bununla yanaşı, son 8 il ərzində ölkədə dayanıqlı sosial siyasətin formalaşdığını və onun nəticələrinin olduqca mütərəqqi və effektiv olduğunu da qeyd etmək lazımdır. Bildiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq genişmiqyaslı sosial paketlər tətbiq edilir. Buraya, o cümlədən pensiyaların indeksasiyası da daxildir. Biz bunu hər ilin əvvəlində müşahidə edirik. Analoji qaydada, 2027-ci ilin əvvəllərində də pensiyaların indeksasiyasının həyata keçirilməsi gözlənilir. Maaş artımının olub-olmaması isə, təbii ki, yalnız sosial siyasət blokundan deyil, həm də iqtisadi artım və iqtisadi fəallıqdan asılıdır. Düşünürəm ki, bununla bağlı konkret istiqamətləri cari ilin sonlarına doğru, iqtisadi artımın olub-olmaması fonunda daha aydın görə biləcəyik”.


