Maliyyə

Mərkəzi Bankdan kredit götürmək istəyənlərə çağırış!

Mərkəzi Bankdan kredit götürmək istəyənlərə çağırış!

Azərbaycanda bank kreditlərinə qoyulan məhdudiyyətlərin qeyri-rəsmi borclanmanın artmasına səbəb olduğunu təsdiqləyən rəsmi statistik məlumat mövcud deyil.

Demokrat.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 6 ayın yekunlarına dair hesabatın təqdimatı və mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın kreditləşmə sahəsində tətbiq etdiyi qaydalar əhalinin həddindən artıq borc yükü altına düşməsinin qarşısını almağa yönəlib.

"İstehlak kreditləri üzrə borcalanların ödəmə imkanlarına dair tələblər, kredit kartlarından istifadəyə qoyulan məhdudiyyətlər və onlayn kreditlərin rəsmiləşdirilməsi zamanı nəzərdə tutulan gözləmə müddəti məhz bu məqsədə xidmət edir. Bank kreditlərinin verilməsi şərtlərinin sərtləşdirilməsi bəzi şəxsləri alternativ maliyyə mənbələrinə üz tutmağa sövq edə bilər. Bununla belə, bu halın qeyri-rəsmi borclanmanın artmasına birbaşa səbəb olduğunu təsdiqləmək üçün əsas yoxdur. Banklardan kredit ala bilməyən vətəndaşlar maliyyə ehtiyaclarını qarşılamaq üçün əvvəlcə bank olmayan kredit təşkilatlarına, daha sonra isə lombardlara müraciət edə bilərlər", - deyə baş direktor əlavə edib.

Ş. Mahmudzadə vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq məqsədilə borc götürməkdən uzaq durmağı tövsiyə edib.