Bakıda ictimai yerdə asayişi pozan şəxs həbs olunub.
Demokrat.az lent.az-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "Poladəritmə" zavodunun yanında qeydə alınıb.
35 yaşlı Süleyman Cabbarov (şərti adla) qeyd olunan ərazidə ucadan söyüşlər söyərək, xırda xuliqanlıq əməli törədib. Ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq, irad bildirib və əməllərini dayandırmasını desələr də, Süleyman qanuni tələbə məhəl qoymayıb. Nəticədə, Süleyman saxlanılaraq, barəsində protokol tərtib olunub.
S.Cabbarov ifadəsində bildirib ki, maşını xarab olduğu üçün əsəbindən söyüş söyüb. O, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Süleyman Cabbarov bir ay müddətinə inzibati qaydada həbs olunub.


