Kredit və taksit imkanlarının genişlənməsi insanların gündəlik xərclərini qarşılamaq üçün borclanmaya daha çox müraciət etməsinə səbəb olur. Bəzi insanlar gəlirlərini gözləmədən istədikləri məhsul və xidmətləri kredit hesabına əldə edir, nəticədə növbəti aylarda qazanacaqları pulun bir hissəsini əvvəlcədən xərcləmiş olurlar.
İnsanlar niyə gələcək gəlirlərini indidən xərcləməyə üstünlük verirlər? Kreditdən istifadə hansı məqamda maliyyə rahatlığından asılılığa çevrilir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı Asif İbrahimov deyib ki, kredit və taksit imkanlarının genişlənməsini avtomatik olaraq əhalinin rifahının artması kimi qiymətləndirməməliyik:
“Əksinə, burada ciddi risk görürəm. İnsanlar qazandıqları gəlirlə deyil, gələcəkdə qazanacaqları pulla bugünkü istehlaklarını maliyyələşdirməyə başlayırlar. Bu proses genişləndikcə ailələrin maliyyə dayanıqlığı zəifləyir. Bu gün insan üçün 100 və ya 200 manatlıq aylıq taksit kiçik görünə bilər. Amma eyni anda bir neçə kredit, taksit, kart borcu və digər öhdəlik yarandıqda əməkhaqqının əhəmiyyətli hissəsi hələ əldə olunmamışdan xərclənmiş olur. İnsan növbəti maaşını alanda həmin gəlirin artıq sahibi olmur. Onun bir hissəsi keçmiş istehlakın borcuna gedir. Ən təhlükəli məqam isə borcun həyat tərzinin maliyyələşdirilməsi üçün əsas vasitəyə çevrilməsidir. İnsan gəliri artmadan istehlakını artırır, sonra həmin istehlakı saxlamaq üçün yeni kredit götürür. Bir müddət sonra əvvəlki kreditin ödənişini yeni kreditlə bağlamağa başlayır. Bu, artıq maliyyə rahatlığı deyil, borc asılılığıdır”.
İqtisadçı əlavə edib ki, burada məsuliyyəti yalnız vətəndaşın üzərinə qoymaq da doğru deyil:
“Kredit bazarı insanın nə qədər borc götürə biləcəyini deyil, nə qədər borcu sağlam şəkildə daşıya biləcəyini nəzərə almalıdır. Xüsusilə yüksək istehlak meylləri fonunda kredit məhsullarının aqressiv şəkildə təşviqi insanların real maliyyə imkanlarından daha yüksək istehlaka sövq edə bilər. Kredit iqtisadi inkişaf üçün faydalı alət ola bilər, amma onun əsas məqsədi gəlir yaradan fəaliyyəti maliyyələşdirmək olmalıdır. Biznes, təhsil, mənzil və məhsuldarlığı artıran investisiyalar üçün kredit iqtisadi dəyər yarada bilər. Davamlı olaraq telefon, məişət texnikası, restoran və gündəlik istehlakın kreditlə maliyyələşdirilməsi isə gələcək gəlirin bu gündən yeyilməsi deməkdir. İstehlak kreditlərinin artımını iqtisadi rifahın göstəricisi kimi təqdim etmək təhlükəlidir. Əsl rifah insanın daha çox kredit götürməsi ilə deyil, kreditə ehtiyac olmadan daha çox gəlir əldə edə bilməsi ilə ölçülür. Əgər insanların gəliri onların borc öhdəliklərinin arxasınca qaçırsa, burada artıq istehlak artımından yox, maliyyə dayanıqlığının zəifləməsindən danışmalıyıq”.


