Azərbaycanın valyuta ehtiyatlarının 15 milyard dolları ötərək yeni səviyyəyə çatması ölkənin maliyyə dayanıqlığı və valyuta bazarındakı vəziyyətlə bağlı müzakirələri gündəmə gətirib. Ehtiyatların artımında xarici valyuta gəlirləri, bank sektorundakı dinamika və Mərkəzi Bankın valyuta bazarındakı fəaliyyəti kimi amillərin rolu diqqət çəkir.
Bəs valyuta ehtiyatlarının 15 milyard dolları ötməsində əsas rolu hansı amillər oynayır? Bu artım daha çox neft-qaz gəlirləri, bank sektorundakı müsbət dinamika, yoxsa Mərkəzi Bankın valyuta bazarındakı intervensiyaları ilə bağlıdır?
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli deyib ki, iqtisadi vəziyyət xaricində, Mərkəzi Bankın valyuta ehtiyatlarının 15 milyard dollara çatmasının əsas səbəbi bu fiksə edilmiş valyuta rejimidir.

Onun sözlərinə görə, 1,70 kursudur. 1,70 kursu qoyulub və bu 1,70 kursunu saxlamaq üçün artıq dollarları Mərkəzi Bank alır:
“Yəni 1,70-i də Mərkəzi Bank müəyyənləşdirib. İntervensiya da artıq dollarların bazardan alınmasını ifadə edən anlayışdır. İntervensiya təkcə bu deyil, amma tərcüməsi “müdaxilə” deməkdir. Yəni Mərkəzi Bank 1,70 kursunu qorumaq və saxlamaq üçün bazarda dollar artıqlığı yarananda müdaxilə edir. Artıq dollar olanda bir şeyin dəyəri aşağı düşür. Yəni çox dollar, az manat olanda dolların dəyəri aşağı düşür və Mərkəzi Bank da məcburdur ki, o dollarları alsın və manat bolluğu yaratsın ki, kurs 1,70-dən aşağı düşməsin. Yəni 1,65, 1,60 olmasın. Artıq dollarları bazardan yığırlar.
Dollar haradan gəlir? Niyə dollar artıq olsun? Hər il Neft Fondundan dövlət büdcəsinə götürüləcək dollarların həcmi müəyyənləşir. Məsələ də elə bundadır. Dollar bolluğu neft-qaz sektorunun nəticəsidir.
Büdcəyə transfer etmək üçün Neft Fondu dollarları satıb manata çevirməli və həmin vəsaiti Mərkəzi Banka verməlidir. Neft Fondu o dollarları satmaq istəyəndə müştəri tapmayanda isə Mərkəzi Bank onları alır. İşin mexanizmi budur.
Burada bank sektorundan daha çox, manata olan etibar da rol oynayır. Çünki insanlar artıq əvvəlki kimi dollar almırlar. Hətta Mərkəzi Bankın elan etdiyi məlumatlara görə, 2 milyard dollardan çox vətəndaş dollarlarını satıb və bu proses keçən ildən başlayaraq sürətlə gedir. Mərkəzi Bank ilin axırına qədər də bu tendensiyanın davam edəcəyini gözləyir”, - deyə Xalid Kərimli fikrini tamamlayıb.


