Sağlamlıq Özəl

Xərçəngin inkişafı üçün əsas risk faktoru müəyyən edildi

Xərçəngin inkişafı üçün əsas risk faktoru müəyyən edildi

Yaşlanma xərçəngin inkişafı üçün əsas risk faktorudur. İnsanların ömrünün uzanması ilə dünyada onkoloji xəstəlikləri olan insanların payının da artacağı gözlənilir. Bu barədə Britaniya Kolumbiyası Universiteti və Toronto Universitetinin tədqiqatçıları xəbərdarlıq ediblər.

Demokrat.az xəbər verir ki, mütəxəssislərin fikirlərini “The Independent” yayıb.

Alimlərin sözlərinə görə, xərçəng riski yaş artdıqca əhəmiyyətli dərəcədə yüksəlir. Bunun əsas səbəblərindən biri orqanizmdəki hüceyrələrin DNT zədələnmələrini və digər pozuntuları toplaması, onların bölünməsinə nəzarət edən mexanizmlərin isə tədricən daha az effektiv işləməsidir. Eyni zamanda toxumaların bərpa olunmaq və zədələnmiş hüceyrələri aradan qaldırmaq qabiliyyəti də azalır. Nəticədə şiş hüceyrələrinin yaranma ehtimalı artır.

“Yaş yalnız xəstələnmə ehtimalına deyil, müalicənin dözümlülüyünə də təsir edir. Yaşlı insanlarda yanaşı xəstəliklər, koqnitiv funksiyaların pozulması, fiziki aktivliyin azalması və digər vəziyyətlərə daha çox rast gəlinir. Bunlar kimyaterapiya, şüa terapiyası və ya cərrahi müdaxilənin fayda və risk nisbətini dəyişə bilər”, - deyə ekspertlər bildiriblər.

Alimlər vurğulayırlar ki, yaşlı insanların sayının artması onkoloji yardımın təşkilində dəyişikliklər edilməsini tələb edir. Xərçəngin müalicəsində universal yanaşma yaşlı pasiyentlər üçün effektiv olmaya bilər. Orqanizmin ümumi vəziyyətinin qiymətləndirilməsi isə yalnız ömrün uzunluğunu deyil, onun keyfiyyətini də nəzərə almaqla daha uyğun müalicə üsulunun seçilməsinə kömək edə bilər.

Jalə Demokrat.az

D
demokrat.az