İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətinin Konarak və Çabahar şəhərlərində partlayış səsləri eşidilib. Bundan başqa İranın cənubunda, Hörmüzgan əyalətinin Bəndər Abbas və Sirik şəhərlərində, o cümlədən Qəşm adasında da partlayış səslərinin eşidildiyi bildirilib.
Bu hadisələr İran-ABŞ qarşıdurmasının yeni mərhələyə keçdiyinə işarə ola bilərmi? Münasibətlər yenidən gərginləşərsə proses nə qədər uzana bilər?
Demokrat.az-a mövzu ilə bağlı danışan politoloq Rəşad Bayramovun fikrincə, İranın Çabahar, Konarak, Bəndər Abbas, Sirik və Qəşm adası kimi bir-birindən xeyli uzaqda yerləşən ərazilərində partlayışların qeydə alınması təsadüfi epizodlar kimi qiymətləndirilə bilməz:

"Bu coğrafiya xüsusilə ona görə diqqət çəkir ki, həmin ərazilər İranın Hörmüz boğazı, Oman körfəzi və Ərəbistan dənizinə çıxışını təmin edən strateji hərbi-dəniz infrastrukturu ilə əlaqəlidir. ABŞ-ın açıqladığı hədəflər arasında İranın mina yerləşdirmə imkanları, dəniz aktivləri, radar və hava hücumundan müdafiə sistemlərinin olması Vaşinqtonun məqsədinin yalnız ayrı-ayrı hərbi obyektləri vurmaq deyil, Tehranın Hörmüzdə təzyiq imkanlarını zəiflətmək olduğunu göstərir. Bu baxımdan, qarşıdurmanın yeni mərhələyə keçdiyini söyləmək üçün kifayət qədər əsas var. Əsas təhlükə eskalasiyanın zərbəyə qarşı cavab mexanizminin formalaşmasıdır. ABŞ İranın hərbi imkanlarını məhdudlaşdırmaq üçün zərbələr endirir, İran isə birbaşa ABŞ ərazisini deyil, regiondakı Amerika hərbi bazalarını hədəfə alaraq cavab verir. Bu model tərəflərə eskalasiyanı müəyyən həddə saxlamaq imkanı versə də, eyni zamanda yanlış hesablamalar riskini də artırır".
Politoloq qeyd edib ki, İran artıq İraq, İordaniya və Bəhreyndəki ABŞ mövqelərinə hücum etdiyini açıqlayıb:
"Digər mühüm faktor Hörmüz boğazıdır. Qarşıdurmanın mərkəzinə məhz bu strateji su yolu yerləşdikcə, proses sırf ABŞ–İran hərbi qarşıdurması çərçivəsindən çıxaraq qlobal enerji böhranına çevrilir. Son günlərdə boğazdan keçən tanker daşımalarına hücumlar və qarşılıqlı hərbi əməliyyatlar dünya neft bazarına artıq ciddi təsir göstərib. Prosesin nə qədər uzanmasına gəldikdə isə, zənnimcə, qarşılıqlı zərbələr bir neçə gün davam etdikdən sonra yenidən atəşkəs danışıqları başlaya bilər. Çünki əks təqdirdə uzunmüddətli bir qarşıdurma başlayacaq ki, bu da indiki şərtlər daxilində tərəflərin heç birinin marağında deyil. Odur ki, hazırkı vəziyyətdə müəyyən müddətə intensiv eskalasiya, ardınca isə diplomatik təzyiq və məcburi fasilə ən real variantlardan biri kimi görünür".


