İranın cənubundakı Hörmüzgan vilayətinin Sirik şəhərində ABŞ qüvvələrinin endirdiyi zərbələr nəticəsində toy mərasiminin iştirakçıları arasında ölən və yaralananlar olub.
Demokrat.az xəbər verir ki, bu barədə Hörmüzgan vilayətinin qubernator müavini Əhməd Nəfisi İranın dövlət televiziyasına açıqlamasında bildirib.
“Sirikə hücum zamanı təəssüf ki, toy mərasiminin keçirildiyi yaşayış binası zərbəyə məruz qalıb. Hadisə nəticəsində iki nəfər həlak olub, mərasimdə iştirak edən çox sayda insan isə yaralanıb”, – deyə Nəfisi bildirib.
Bundan əvvəl Sirik rayonunun rəhbəri Rza Şəhidiyan ABŞ qüvvələrinin Kuhestak limanındakı yaşayış məntəqəsinə zərbə endirdiyini açıqlayıb.
“Bu axşam ABŞ qüvvələrinin Kuhestak limanındakı yaşayış məntəqəsinə hücumu nəticəsində bir neçə vətəndaş yaralanıb. Ehtimal ki, ölənlər də var”, – deyə o bildirib.
Məlumata görə, zərbələr zamanı şəhərdə keçirilən toy mərasimində iştirak edən şəxslər də xəsarət alıblar. Zərbə nəticəsində mərmi qəlpələrinin ətrafa səpələnməsi insanların yaralanmasına səbəb olub.


