Dünya

"Qaçışlar kralı" yenidən həbs edildi — Üstündən cəmi 500 avro çıxdı

Qaçışlar kralı yenidən həbs edildi — Üstündən cəmi 500 avro çıxdı

İspaniya Milli Polisi Tarrqona şəhərində müxtəlif ölkələrin həbsxanalarından dəfələrlə qaçdığı üçün “Qaçışlar kralı” ləqəbi alan 42 yaşlı alban cinayətkar Toma Taulantı saxlayıb.

Demokrat.az xəbər verir ki, “El Universal” nəşrinin məlumatına görə, Taulant sonuncu qaçışından sonra İspaniyada təxminən 9 ay gizlənə bilib.

İspaniya polisi Taulantın izinə Tarrqonanın rayonlarından birində düşüb. Saxlanılarkən müqavimət göstərən şəxsin köməyinə iki həmyerlisi gəlib. Onlardan biri polis əməkdaşını yaraladıqdan sonra saxlanılıb, digər şəxs isə hadisə yerindən qaçıb. Polis daha sonra onun atıb getdiyi tapançanı tapıb.

Taulantın üzərindən axtarış zamanı saxta sənədlər və 500 avro nağd pul aşkarlanıb. Hazırda o, həbsdə saxlanılır.

Toma Taulant quldurluq, silahlı basqın, narkotik və silah alverinə görə dəfələrlə məhkum edilib. O, ilk dəfə 2009-cu ildə İtaliyanın Terni şəhərindəki həbsxanadan qaçıb.

2013-cü ildə Taulant iki dəfə həbsdən qaçmağa nail olub. İlk dəfə İtaliyanın Parma şəhərindəki həbsxanadan kamerasındakı məhbusla birlikdə qaçıb. Daha sonra İtaliyanın ekstradisiyasını gözlədiyi Belçikanın Liej şəhərindəki istintaq təcridxanasından qaçıb.

2025-ci ilin dekabrında isə Taulant Milandakı “Opera” ciddi rejimli həbsxanasından qaçıb. O, burada 2048-ci ilədək cəza çəkməli idi.

Taulantın qaçış üsulları da diqqət çəkib. Hadisələrin birində o, kamera pəncərəsinin dəmir barmaqlıqlarını mişarla kəsərək çarşaflardan hazırladığı kəndirlə aşağı düşüb. Başqa bir dəfə isə skotçla birləşdirilmiş süpürgə saplarından istifadə edərək həbsxananın divarını aşıb.

Daha bir qaçış zamanı Taulant məhbuslardan “canlı piramida” təşkil edib və həbsxananın həyətində törədilən partlayışla mühafizəçilərin diqqətini yayındırıb.

İspaniya polisi açıqlamasında hadisəni belə qiymətləndirib: “Bütün bunlar hansısa filmə bənzəyir, lakin bəzən reallıq istənilən uydurmanı üstələyir”.

Jalə Demokrat.az

D
demokrat.az