Bakının Nizami rayonunda qadınlar arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların yaşadığı ərazidə küçədə baş verib. Samux rayon sakini, 1998-ci il təvəllüdlü Sevda onunla qonşuluqda yaşayan Nərmin (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, onların arasında mübahisə uşaq üstündə yaranıb. Həmin vaxt Sevda Nərminin azyaşlı övladını itələyib.
Bundan qəzəblənən Nərmin ayağına keçirdiyi başmağını çıxarıb və Sevdanın üzərinə hücum çəkərək başmaqla onu vurmaq istəyib.
Lakin Sevda onu qabaqlayaraq Nərminin üz nahiyəsinə əli ilə qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Nərminin hüquq-mühafizə orqanlarına şikayəti əsasında Sevdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sevda ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Sevdanın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


