Bütün meyvələr antioksidantlarla zəngindir, lakin onların arasında bu faydalı birləşmələri daha çox ehtiva edənlər də var. Mütəxəssislər orqanizmdə iltihabın azalmasına kömək edə bilən beş meyvənin adını açıqlayıblar.
Demokrat.az xəbər verir ki, bu barədə “Martha Stewart” yazır.
Nəşrin məlumatına görə, antioksidantlar sağlam hüceyrələri oksidləşdirici stresdən qoruyan birləşmələrdir. Oksidləşdirici stres zaman keçdikcə hüceyrələrə zərər verən prosesdir. Harvard Tibb Məktəbinin məlumatına əsasən, belə zədələnmə toxuma və orqanlara mənfi təsir göstərərək nəticədə müxtəlif xəstəliklərə səbəb ola bilər. Antioksidantlar isə oksidləşdirici stresə səbəb olan molekullarla mübarizə apararaq xroniki xəstəliklərin yaranması riskini potensial olaraq azalda bilər.
Mütəxəssislər qeyd edirlər ki, antioksidantlarla zəngin meyvələrdən istifadə iltihabla mübarizənin yalnız bir üsuludur. Lif, iltihabəleyhinə yağlar və yağsız zülalla zəngin balanslaşdırılmış qidalanma da vacibdir. Bundan əlavə, aktiv həyat tərzi keçirmək, kifayət qədər yatmaq və stressi nəzarətdə saxlamaq tövsiyə olunur.
1.Qaragilə
Diyetoloq Daniela Novotnanın sözlərinə görə, qaragilə antioksidantların bir növü olan antosianinlərlə zəngindir. “Advances in Nutrition” jurnalında dərc olunan araşdırmaya əsasən, bu maddələr orqanizmdə iltihabı azaltmağa və bununla da ürək-damar xəstəlikləri və digər xəstəliklərin riskini aşağı salmağa kömək edə bilər.
Mütəxəssisin sözlərinə görə, qaragilənin tərkibində C vitamini də çoxdur. Bu, hüceyrələrin zədələnməsinin qarşısını alan, kollagen sintezini dəstəkləyən və immuniteti gücləndirən suda həll olunan antioksidantdır.
2.Portağal
Portağalın tərkibində C vitamini, flavonoidlər və karotinoidlər də daxil olmaqla çoxsaylı antioksidantlar var. Daniela Novotnanın sözlərinə görə, bu birləşmələr orqanizmdə iltihabı azaltmağa və immun sistemini gücləndirməklə ümumi sağlamlığı dəstəkləməyə kömək edir.
3.Böyürtkən
Diyetoloq Mişel Luhanın sözlərinə görə, böyürtkən antioksidant xüsusiyyətlərə malik antosianinlərlə zəngindir. Tünd rəngli digər meyvələr kimi, onun tərkibində flavonoidlər, C vitamini, resveratrol və ellag turşusu da var.
“International Journal of Molecular Sciences” jurnalında dərc olunan araşdırmaya əsasən, bu maddələrin hamısı antioksidant xüsusiyyətlərə malikdir.
Bundan əlavə, böyürtkən sağlam həzm sistemi üçün vacib qida maddəsi olan liflə zəngindir.
4.Qırmızı üzüm
Qırmızı üzüm antioksidant tərkibinə görə ən faydalı meyvələrdən biridir. Mişel Luhanın sözlərinə görə, bu meyvə hüceyrələrə, zülallara və DNT-yə zərər verən sərbəst radikallarla mübarizə aparan bitki mənşəli antioksidant birləşmələr sinfi olan resveratrol ilə zəngindir.
“Resveratrol həmçinin qan təzyiqini aşağı salmağa, pis xolesterinin (LDL) səviyyəsini azaltmağa və qan laxtalarının yaranmasından qorunmağa kömək edə bilər”, deyə mütəxəssis əlavə edib.
Bundan başqa, bu şirəli meyvənin tərkibində həm oksidləşdirici stresi, həm də iltihabı azaldan ellag turşusu var.
5.Nar
Daniela Novotnanın sözlərinə görə, nar punikalaginlər və ellag turşusu kimi antioksidantların əla mənbəyidir. Bu maddələrin hər ikisi iltihabəleyhinə xüsusiyyətlərə malikdir və ürək-damar sistemi ilə dərinin sağlamlığına müsbət təsir göstərə bilər.
Narın tərkibində sağlam qan təzyiqi və həzm üçün vacib olan kalium və lif də var.
Jalə Demokrat.az


