ABŞ-ın Alyaska ştatında hərbi radar bazasına gedən “Cessna 441” tipli çarter təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədəki 8 nəfərin hamısı həyatını itirib.
Demokrat.az xəbər verir ki, ABŞ ordusunun Alyaska Komandanlığının yaydığı məlumata görə, qəza ştatın qərbində yerləşən Keyp Nyuenhem bölgəsində baş verib.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bildirib ki, “Cessna 441” Ted Stivens Ankoric Beynəlxalq Hava Limanından Keyp Nyuenhemə uçmaq üçün havaya qalxıb. Təyyarə yerli vaxtla saat 12:15 radələrində Keyp Nyuenhem Uzunmənzilli Radar Qurğusunun hava limanında qəzaya uğrayıb.
Ankoricdən təxminən 725 kilometr qərb-cənub-qərbdə yerləşən ərazidə baş verən qəza nəticəsində təyyarədəki 8 nəfərin hamısı ölüb.
Alyaska Komandanlığı qəza keçirən təyyarənin mülki şirkət tərəfindən müqavilə əsasında istismar edildiyini açıqlayıb. Həlak olanların adlarının ailələrinə məlumat verildikdən 24 saat sonra ictimaiyyətə açıqlanacağı bildirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmanın ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən aparılacağı, araşdırmaya isə NTSB-nin rəhbərlik edəcəyi bildirilib.
Jalə Demokrat.az


