Bakıda son dövrlər restoran, kafe və mağazaların fəaliyyətini dayandırması, bəzi obyektlərdə isə bağlanma elanlarının yerləşdirilməsi diqqət çəkir. Sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırmasına artan xərclər, icarə haqları, istehlak tələbinin dəyişməsi və rəqabətin güclənməsi kimi amillərin təsir etdiyi bildirilir.
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Asif İbrahimovun sözlərinə görə, Bakının mərkəzində uzun illərdir fəaliyyət göstərən restoran, kafe və mağazaların bir-bir bağlanması artıq təsadüfi hadisə kimi təqdim edilməməlidir.

Onun sözlərinə görə, eyni ərazidə ardıcıl olaraq obyektlər fəaliyyətini dayandırırsa, məsələ artıq ayrı-ayrı sahibkarların bacarığı və ya yol verdiyi biznes səhvləri deyil, bazardakı vəziyyətdir:
“Xüsusilə Nizami küçəsində 20 min manatdan çox icarə məsələsini iqtisadi məntiqə bağlamaq lazımdır. Bunu düzgün qəbul edək ki, Bakının mərkəzində bağlanan obyektlər iqtisadiyyat üçün ciddi siqnaldır. Düşünürəm ki, Bakının mərkəzində uzun illərdir fəaliyyət göstərən restoran, kafe və mağazaların bir-bir bağlanması artıq təsadüfi hadisə kimi təqdim edilməməlidir. Eyni ərazidə ardıcıl olaraq obyektlər fəaliyyətini dayandırırsa, məsələ artıq ayrı-ayrı sahibkarların bacarığı və ya yol verdiyi biznes səhvləri deyil, bazardakı vəziyyətdir.
Xüsusilə Nizami küçəsi, yəni “Torqovaya” kimi Bakının ən bahalı və ən çox tanınan ticarət məkanlarından birində vəziyyət daha diqqətlə araşdırılmalıdır. Burada bəzi obyektlərin aylıq icarə haqqının 20 min manata, hətta daha yuxarı məbləğlərə çatdığı bildirilir. İndi gəlin sadə hesab aparaq.
Sahibkar ayda 20 min manat yalnız icarəyə ödəyirsə, bunun üzərinə əməkhaqqı, sosial ödənişlər, vergilər, kommunal xərclər, xammal, logistika, avadanlıq, reklam və digər xərclər əlavə olunur. Restoran və ya mağazanın sahibkara real mənfəət gətirməsi üçün çox böyük dövriyyə yaratması lazımdır. Deməli, məsələ yalnız müştərinin sayında deyil. Əsas məsələ həmin müştərinin biznes üçün kifayət qədər gəlir yaradıb-yaratmamasıdır.
Bu prosesə “əhalinin pulu yoxdur” deyib nöqtə qoymaq asandır, amma doğru deyil. Əhali işləyir, gəlir əldə edir və istehlak edir. Problem ondadır ki, pulun daha böyük hissəsi gündəlik və zəruri xərclərə gedir və restoran, kafe, geyim, əyləncə kimi təxirə salına bilən xərclərə əvvəlki qədər vəsait qalmır. İnflyasiya şəraitində insanların nominal gəliri artsa belə, real alıcılıq imkanları eyni templə artmaya bilər. 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarətin real ifadədə 3,8 faiz artması da bazarda müəyyən aktivliyin olduğunu göstərir”.
İqtisadçı əlavə edib ki, eyni zamanda qiymətlərin 5,7 faiz artması o deməkdir ki, dövriyyənin artması avtomatik olaraq sahibkarın real mənfəətinin artması demək deyil:
“Burada sahibkarın digər tərəfdən sıxıldığı görünür. Müştərinin xərcləmək imkanları məhdudlaşır, sahibkarın xərcləri isə eyni sürətlə aşağı düşmür. İcarə yüksəkdir. Əməkhaqqı var. Vergilər var. Kommunal xərclər var. Xammal bahalaşır. Logistika xərcləri var. Kredit resursları ucuz deyil.
Nəticədə sahibkarın dövriyyəsi aşağı düşür, amma xərcləri əvvəlki səviyyədə qalır. Belə şəraitdə biznesin bağlanması iqtisadi baxımdan təəccüblü deyil. Ən böyük problem isə kommersiya obyektlərinin icarə qiymətləri ilə həmin obyektlərdə fəaliyyət göstərən bizneslərin real gəlirliliyi arasında uçurumun yaranmasıdır.
Obyekt sahibi deyir: “Mənim obyektimin bazar qiyməti budur”. Sahibkar isə həmin icarəni ödəmək üçün hər ay böyük dövriyyə yaratmalıdır. Məsələn, 20 min manatlıq icarənin üzərinə digər xərcləri də əlavə etdikdə obyektin aylıq “ayaqda qalma” xərci çox ciddi rəqəmə çata bilər.
Müştəri sayı və orta çek bu yükü qarşılamırsa, sahibkarın qarşısında iki yol qalır. Bunlardan biri ziyana işləmək, digəri isə qapını bağlamaqdır. Sahibkarın üçüncü yolu yoxdur. Biz sahibkardan vergi istəyirik, iş yeri istəyirik, əməkhaqqı ödəməsini istəyirik, icarə və kommunal xərcləri ödəməsini istəyirik, amma sonra soruşuruq ki, niyə biznesini bağladın?
Çünki biznesin iqtisadi hesabı artıq çıxmır. Burada çox ciddi bir məsələyə də diqqət yetirmək lazımdır. Yüksək icarə qiyməti yalnız sahibkarın problemi deyil.
Obyekt boş qalanda əmlak sahibi də gəlir itirir. Obyekt bağlananda işçi işini itirir. İşçi işini itirəndə onun istehlakı azalır. İstehlak azalanda başqa mağaza və restoranların dövriyyəsinə təsir edir.
Əgər bu tendensiya genişlənərsə, kommersiya daşınmaz əmlakı bazarı da bundan qaçmayacaq. Boş obyektlərin sayı artdıqca obyekt sahibləri icarə qiymətlərini aşağı salmağa məcbur ola bilərlər.
Çünki boş obyekt sahibinə heç bir gəlir gətirmir. Amma burada da bir paradoks var. Əgər obyektin icarə qiyməti 20-30 min manatdırsa, onu müəyyən qədər aşağı salmaq belə həmin biznes modelini xilas etməyə bilər.
Çünki problem təkcə icarədə deyil, ümumi xərc strukturundadır. Ona görə Bakının kommersiya daşınmaz əmlakı bazarında yeni reallıq yarana bilər.
Ən təhlükəli vəziyyət isə budur: biz statistikada iqtisadi artım görürük, amma küçədə qapısına “icarəyə verilir”, “satılır” və ya “bağlanırıq” yazılan obyektlərin sayı artır.
Bu ziddiyyət araşdırılmalıdır. Çünki iqtisadiyyat yalnız ÜDM rəqəmi deyil. İqtisadiyyat işləyən mağazadır. Restorandır. Kafedir. Kiçik sahibkardır. Onun yanında işləyən insandır. Onun ödədiyi icarədir. Ödədiyi vergi və yaratdığı iş yeridir.
Əgər bu zəncir zəifləyirsə, deməli, iqtisadiyyatın aşağı hissəsində problem var. Məncə, artıq sahibkara “Niyə bağladın?” sualını verməkdən əvvəl “Səni bağlanmağa məcbur edən hansı iqtisadi şərtlərdir?” sualını verməliyik. Çünki sahibkar biznesini bağlamaq üçün biznes açmır.
Sahibkar qazanmaq üçün biznes açır. Əgər gəlir xərcləri qarşılamırsa, heç bir sahibkar uzun müddət ziyana işləməyəcək. Və bunu yalnız sahibkarın şəxsi problemi kimi qiymətləndirmək böyük səhvdir.
Çünki hər bağlanan obyekt bir iş yerinin, vergi ödəyicisinin və iqtisadi dövriyyədə iştirak edən istehlakçının itirilməsi deməkdir. Ona görə Bakının mərkəzində obyektlərin bir-bir bağlanmasına “bazar özünü tənzimləyir” deyib keçmək olmaz. Bazar həqiqətən özünü tənzimləyir.
Amma bazarın necə tənzimləndiyinə baxmaq lazımdır. Bu proses yeni bizneslərin yaranması hesabına baş verir, yoxsa mövcud bizneslərin bağlanması hesabına?
Əgər ikinci variant üstünlük təşkil edirsə, bu artıq ciddi iqtisadi siqnaldır.
Fikrimcə, indi əsas məsələ sahibkara “daha çox işləyin” demək deyil. Biznesin işləyə bilməsi üçün iqtisadi mühiti düzəltməkdir. Çünki işləyən sahibkar iqtisadiyyatın yükü deyil, iqtisadiyyatın özüdür. Və bəzən iqtisadiyyatın real vəziyyətini ən yaxşı göstərən göstərici hesabatdakı rəqəm deyil, axşam saatlarında işıqları yanmayan mağazadır”, - deyə iqtisadçı fikrini tamamlayıb.


