Kriminal Özəl

Bakıda qadın ərinə yemək vermədiyinə görə döyüldü

Bakıda qadın ərinə yemək vermədiyinə görə döyüldü

Xırdalan şəhərində 36 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsində baş verib.

Göyçay rayon sakini, 1990-cı il təvəllüdlü Əsəd ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evində ona yemək hazırlayıb verməyən arvadı Gülnarla (adlar şərtidir – red.) mübahisə edib.

Həmin səbəbdən ailədaxili münaqişə zəminində narazılıq yaranıb və aralarında mübahisə baş verib. O, həmin mübahisə əsnasında əsəbiləşərək arvadının üzərinə hücum edib, qəsdən əl və yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.

İş üzrə izahat verən Əsəd bildirib ki, rəsmi olaraq heç bir yerdə işləmir:

“Barəmdə şikayət edən Gülnarla 2016-cı ildə ailə həyatı qurmuşam, birgə nikahımızdan 2 övladımız var. Son zamanlar Gülnarla aramızda ailədaxili söz-söhbətlərimiz olur”.

Əsəd qeyd edib ki, məlum hadisə günü, saat 14:30 radələrində yaşadığı evdə olan zaman Gülnarı oyadıb, ona yemək verməsini istəyib:

“Gülnar isə bir azdan yemək hazırlayıb verəcəyini bildirdi. Mən də Gülnarın bu cavabından əsəbiləşdim və üzərinə gedərək əl və yumruq zərbələri ilə baş, sinə, bel nahiyələrinə vurdum. Bundan sonra mübahisəmiz başa çatdı”.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Buna görə də zərərçəkmiş qadın ərinə qarşı şikayətini geri götürüb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az