Azərbaycanda turizm mövsümü əsasən yay ayları ilə əlaqələndirilir. Lakin ölkənin müxtəlif bölgələrində ilin fərqli dövrlərində turistlər üçün maraqlı imkanlar mövcuddur. Yay mövsümünün başa çatması ilə turizm axınının azalmasının qarşısını almaq və ilboyu turizmi inkişaf etdirmək üçün yeni yanaşmalara ehtiyac var.
Azərbaycanda turizmi yalnız yay mövsümü ilə məhdudlaşdırmamaq üçün hansı imkanlardan istifadə etmək olar? İlboyu turist cəlb etmək üçün hansı turizm istiqamətləri daha çox inkişaf etdirilməlidir?
Turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ümumiyyətlə mövsümi turizmi aradan qaldırmaq lazımdır:
“İlboyu bütün turları həyata keçirmək üçün turizmin bir sıra növlərini inkişaf etdirmək lazımdır və ilboyu ölkəyə turist cəlb edə bilərik. Məsələn, avqust ayında yay mövsümünün bitdiyini nəzərə alsaq, subtropik meyvələrin yetişmə vaxtıdır. Cənub istiqamətinə çox gözəl turlar təşkil etmək, həm də festival keçirmək olar. Bundan sonra digər bölgələrimizdə də tədbirlər təşkil etmək mümkündür.
Məsələn, sentyabrın 5-6-da Göygöldə moruq festivalı olacaq. Bunu digər bölgələrə də aid etmək olar. Yay mövsümündən qış mövsümünə keçid dövründə, yəni mövsümlərarası fasilədə müxtəlif festivallar və maraqlı tədbirlər keçirməklə daha çox turistin cəlb olunmasına şərait yarada bilərik”.

Ekspert əlavə edib ki, ən vacib məsələlərdən biri bizim toy adət-ənənələrimizdir:
“Toy adət-ənənələrimizi turizm biznesinə çevirsək, çox möhtəşəm nəticələr əldə etmiş olarıq. Gələn turistləri mağaralarda, çadırlarda keçirilən toylara, nişan və xına mərasimlərinə aparsaq, yaxud toy zamanı onlara yerli yeməklərimizi daddırsaq, bir əl qaldırıb oynasalar, çox gözəl ahəng yaranar. Həm də toya pul da salmış olarlar. Turistlər bəyəndikləri şeyə hər zaman dəyər verirlər. Bundan başqa, digər rayonlarımızın hər birinin özünəməxsus məhsulları var. Məsələn, nar nə vaxt yetişir? Təxminən noyabr ayında. Noyabr ayı da dekabra yaxın, yəni qış mövsümünə keçid dövrüdür. Nar festivalının, Göyçayda müxtəlif tədbirlərin keçirilməsi və yaxud turların təşkil olunması, mütəmadi olaraq gələn turistlər üçün yeni məhsulların hazırlanması, kənd turizminin, aqroturizmin inkişafı çox vacibdir. Bu, hətta icma turizminin inkişafına da təkan verəcək. Həm regionların sosial-iqtisadi inkişafına, həm də Azərbaycan iqtisadiyyatının köklü şəkildə müsbət tempdə inkişafına səbəb olacaq”.


