Özəl Turizm

Azərbaycanda istirahət, yoxsa xarici ölkələr — Hansı sərfəlidir?

Azərbaycanda istirahət, yoxsa xarici ölkələr — Hansı sərfəlidir?

Azərbaycanda turizm bölgələrinin və istirahət mərkəzlərinin sayının artmasına baxmayaraq, bəzi vətəndaşlar tətil üçün xarici ölkələri seçirlər.

Bəs xaricdə istirahət etmək hansı hallarda Azərbaycandan daha sərfəli başa gəlir? Yerli hotellərin qiymətləri, xidmət səviyyəsi və turizm paketləri vətəndaşların seçimində nə dərəcədə rol oynayır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən "SKAL International Baku" Turizm Peşəkarları Klubu baş katibi, turizm üzrə ekspert Cavid Seyidov bildirib ki, turizm istiqamətlərini yalnız qiymət baxımından müqayisə etmək düzgün deyil.

Azərbaycanda istirahət, yoxsa xarici ölkələr — Hansı sərfəlidir?

Onun sözlərinə görə, əsas məsələ turistlərin ödədikləri vəsaitin qarşılığında hansı xidmətləri əldə etməsidir:

"Qiymət kateqoriyaları isə regiondan və ölkədən asılı olaraq dəyişir. Müqayisə apararkən azərbaycanlı turistlərin tez-tez səfər etdikləri istiqamətləri nümunə götürmək olar. Xaricdə istirahətin Azərbaycandan daha sərfəli olduğu hallar var. Xüsusilə Türkiyə və Misir kimi istiqamətlərdə aviabilet, hotel, qidalanma və bəzi əyləncə xidmətlərini birləşdirən paketlər turistə büdcəsini əvvəlcədən planlaşdırmaq imkanı verir. Böyük turizm bazarlarında yüksək turist axını və turoperatorlarla hotellər arasında əməkdaşlıq da müəyyən hallarda daha rəqabətqabiliyyətli qiymətlərin formalaşmasına şərait yaradır. Lakin bu, bütün xarici istiqamətlərin Azərbaycandan ucuz olması demək deyil.

Yerli hotellərin qiymətlərinə gəldikdə isə, qiymətlərin yüksək olması barədə ümumi fikir formalaşdırmaq əvəzinə, konkret məhsulu müqayisə etmək lazımdır. Məsələn, eyni kateqoriyalı hotel, eyni tarixlər, qidalanma, xidmətlər və yerləşmə şəraiti nəzərə alınmalıdır. Məsələni yalnız qiymətlə izah etmək olmaz. Mövsüm, istiqamət və təqdim olunan xidmətlər də vacibdir.

Digər mühüm amil xidmət səviyyəsi və qiymətə daxil olan imkanlardır. Turist hotelə yalnız gecələmək üçün pul ödəmir. O, rahatlıq, təmizlik, qidalanma, personalın münasibəti, əyləncə imkanları və ümumi istirahət təcrübəsi gözləyir. Əgər turist eyni büdcə ilə xaricdə daha geniş xidmət paketi əldə edirsə, seçimində xarici istiqamətə üstünlük verməsi başadüşüləndir.

Gürcüstan və Türkiyə kimi yaxın ölkələrə səyahət ilk baxışda daha sərfəli görünə bilər. Lakin bir neçə nəfərdən ibarət ailə üçün aviabiletlər, əlavə xidmətlər və digər xərclər nəzərə alındıqda ilkin qiymət üstünlüyü azala bilər".

Ekspert əlavə edib ki, Azərbaycanda isə ailəvi istirahət zamanı otaq və ailə üçün nəzərdə tutulan paketlər büdcəni əvvəlcədən planlaşdırmağa imkan verir:

"Əlavə yol və nəqliyyat xərclərinin daha az olması da yerli istirahətin üstünlüklərindən biridir. Xarici istiqamətlər fərqli təcrübələr və bəzən daha münasib ilkin qiymətlər təklif etsə də, ümumi ailə büdcəsi baxımından Azərbaycanda istirahət daha rahat planlaşdırıla bilər. Bununla belə, qiymət baxımından sərfəlilik xidmət keyfiyyətinin də eyni səviyyədə olması demək deyil. Bu baxımdan, yerli turizm müəssisələrinin qiymət və xidmət arasında düzgün balans yaratması mühüm əhəmiyyət daşıyır. Nəticə etibarilə, ən sərfəli seçim ailənin büdcəsindən, səyahət edənlərin sayından və istirahətdən gözləntilərindən asılıdır.

Mənim fikrimcə, Azərbaycanda turizm bölgələrinin və istirahət mərkəzlərinin sayının artması müsbət haldır. Amma təkcə yeni hotellərin açılması kifayət etmir. Turizm məhsulunun çeşidi genişlənməli, hotellər arasında sağlam rəqabət güclənməli, xidmət standartları qorunmalı və mövsümdənkənar dövrlər üçün də cəlbedici təkliflər hazırlanmalıdır. Ailəvi istirahət, uşaqlar üçün əyləncə, sağlamlıq və spa xidmətləri, idman turizmi, ekskursiyalar və yerli qastronomiya vahid paketlər şəklində təqdim edilə bilər.

Nəticə etibarilə, məqsəd turistə sadəcə ucuz qiymət təklif etmək deyil, ödədiyi məbləğin qarşılığında daha çox dəyər təqdim etmək olmalıdır. Azərbaycan turizminin rəqabət qabiliyyətini artırmaq üçün qiymət, xidmət keyfiyyəti və təcrübə arasında düzgün balans yaratmaq vacibdir. Turist öz ölkəsində də keyfiyyətli və yadda qalan istirahətin mümkün olduğuna inanmalıdır".