2-ci tip şəkərli diabet uzun müddət əsasən yetkin və yaşlı insanlarda rast gəlinən xəstəlik kimi tanınsa da, son illər bu problemin gənclər arasında da yayılması narahatlıq doğurur. Artıq çəki, hərəkətsiz həyat tərzi və irsi meyillilik xəstəliyin yaranma riskini artıran əsas amillər sırasındadır.
Bəs 2-ci tip şəkərli diabetin gənclər arasında yayılmasının səbəbləri nədir və bu xəstəlikdən qorunmaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında endokrinoloq Lamiyə Nəbibbəyli bildirib ki, əvvəllər 2-ci tip şəkərli diabetə daha çox 30-35, hətta 40 yaşdan sonra rast gəlinirdisə, son dövrlərdə bu xəstəlik daha gənc yaşlarda, hətta 15-18 yaşlı yeniyetmələrdə də inkişaf edir.

Onun sözlərinə görə, ikinci tip şəkərli diabetin yaranmasında əsas mexanizmlərdən biri insulin müqavimətidir:
"İnsulin müqaviməti zamanı orqanizmin hüceyrələri insulinə əvvəlki kimi həssas reaksiya vermir. Nəticədə mədəaltı vəz daha çox insulin ifraz etməyə məcbur qalır və zaman keçdikcə insulin istehsal edən beta hüceyrələrinin fəaliyyəti zəifləyə bilər. Bu proses prediabetə, daha sonra isə şəkərli diabetə gətirib çıxara bilər.
Ona görə də insulin müqavimətinə laqeyd yanaşmaq olmaz. Xüsusilə ailəsində şəkərli diabet xəstələri olan, oturaq həyat tərzi keçirən və düzgün qidalanmayan şəxslər daha diqqətli olmalıdırlar. Yeməkdən sonra titrəmə, qəfil aclıq hissi və digər narahatlıqlar da qiymətləndirilməlidir. Lakin bu əlamətlər təkbaşına insulin müqavimətinin və ya prediabetin olduğunu təsdiqləmir, buna görə də həkim müayinəsi vacibdir.
İnsulin müqaviməti olan insanların hamısında şəkərli diabet inkişaf etmir. Bununla belə, riskin azaldılması üçün həyat tərzinin dəyişdirilməsi mühüm əhəmiyyət daşıyır. Düzgün və balanslı qidalanma, fiziki aktivliyin artırılması, artıq çəkinin azaldılması və karbohidratların, xüsusilə şəkərli məhsulların həddindən artıq istehlakının məhdudlaşdırılması xəstəliyin qarşısının alınmasına kömək edə bilər. Eyni zamanda, faydalı yağların və zülal mənbələrinin qidalanmaya uyğun miqdarda daxil edilməsi də vacibdir.
Bu prosesi sağlam insan, prediabet və şəkərli diabet mərhələləri arasındakı əlaqə kimi izah etmək olar. Prediabet mərhələsində düzgün dəyişikliklər etməklə qan şəkərinin normallaşması və xəstəliyin inkişafının qarşısının alınması mümkün ola bilər. Artıq şəkərli diabet inkişaf etdikdə isə xəstəliyin idarə olunması üçün müvafiq müalicə və həkim nəzarəti tələb olunur.
Şəkərli diabet riskini artıran amillər arasında artıq çəki, xüsusilə qarın nahiyəsində piylənmə, qeyri-sağlam qidalanma və fiziki aktivliyin azlığı xüsusi yer tutur. Şəkərli və qazlı içkilərin, hazır şirələrin, şirniyyatların, xəmir məmulatlarının, çörəyin həddindən artıq istehlakı, eləcə də fast-food və qızardılmış yeməklərin tez-tez yeyilməsi çəki artımına və metabolik problemlərə səbəb ola bilər. Bu amillər uzun müddət davam etdikdə ikinci tip şəkərli diabet riski də yüksələ bilər.
Genetik meyillilik də nəzərə alınmalıdır. Həm ana, həm də ata tərəfindən ailə üzvlərində şəkərli diabetin olması şəxsin riskini artıra bilər. Bununla yanaşı, oturaq həyat tərzi, müntəzəm idmanın olmaması və əzələ kütləsinin azalması da maddələr mübadiləsinə mənfi təsir göstərir.
Hamiləlik dövründə dörd kiloqramdan artıq çəkili uşaq dünyaya gətirmiş qadınlarda da gələcəkdə şəkərli diabet riskinə diqqət yetirilməlidir. Bundan başqa, xolesterin və digər qan yağlarının səviyyəsindəki pozuntular, eləcə də qaraciyər piylənməsi insulin müqaviməti və metabolik problemlərlə əlaqəli ola bilər. Bu səbəbdən risk qrupunda olan şəxslərin vaxtında müayinədən keçməsi, qan şəkərini yoxlatması və həkim tövsiyələrinə uyğun həyat tərzi dəyişiklikləri etməsi xəstəliyin erkən aşkarlanması və qarşısının alınması baxımından əhəmiyyətlidir".


