Maraqlı

Xırçıltılı kartof qızartmaq istəyirsinizsə...

Xırçıltılı kartof qızartmaq istəyirsinizsə...

Qızardılmış kartof ən sadə və sevilən yeməklərdən biri olsa da, onu hər dəfə mükəmməl hazırlamaq mümkün olmur. Bəzən kartof həddindən artıq yumşaq, bəzən isə quru alınır. Fransız mətbəxində isə kartofun çölünün xırtıldayan, içinin yumşaq və dadlı olması üçün maraqlı üsuldan istifadə edilir.

Yaxşı qızdırılmış tavada ördək yağı kartof dilimlərinin səthini örtərək onların qızılı rəng almasına və xırtıldayan qabıqla örtülməsinə kömək edir. Bu üsulun əsas üstünlüklərindən biri də yeməyin daha zəngin və ətirli dada malik olmasıdır. Fransız mətbəxində geniş istifadə olunan ördək yağı adi kartof qızartmasını belə xüsusi ləzzətə malik yeməyə çevirə bilir.

Kartofu ördək yağında necə qızartmaq olar?

Mütəxəssislər bildirirlər ki, kartofun dadlı alınması üçün yalnız yağ seçimi deyil, istifadə edilən ədviyyatlar da mühüm rol oynayır.

Yeməyə kəklikotu, cəfəri və ya rozmarin əlavə etmək tövsiyə olunur. Bundan başqa, sarımsaq, duz və istiot da kartofun dadını daha da zənginləşdirir. Kartoflar eyni ölçüdə kub və ya dilim şəklində doğranmalıdır. Bu, onların bərabər şəkildə bişməsinə kömək edir.

"Ricardo" kulinariya portalının mütəxəssisləri isə kartofu qızartmazdan əvvəl duzlu suda qismən bişirməyi məsləhət görürlər. Bundan sonra kartoflar sudan çıxarılmalı və yaxşıca qurudulmalıdır. Çünki kartofun üzərində qalan artıq nəmlik onun xırtıldayan olmasına mane ola bilər.

Bir kiloqram kartof üçün nə qədər yağ lazımdır?

Mütəxəssislərin sözlərinə görə, bir kiloqram kartof üçün təxminən 40–50 qram ördək yağı kifayətdir. Yağ geniş, mümkün olduqda çuqun tavada əridilməlidir. Kartof dilimləri isə tavaya elə yerləşdirilməlidir ki, onların arasında kifayət qədər boşluq qalsın. Tavanın həddindən artıq doldurulması kartofun qızarmaq əvəzinə buxarda bişməsinə səbəb ola bilər. Kartof əvvəlcə bir tərəfdən yaxşıca qızarmalı, daha sonra çevrilməlidir.

Mütəxəssislər kartofu tez-tez qarışdırmamağı tövsiyə edirlər. Çünki bu zaman onun üzərində yaranan xırtıldayan qabıq zədələnə bilər.

Kartof orta-yüksək odda təxminən 30-35 dəqiqə ərzində qızardılır. Lakin bişmə müddəti kartofun ölçüsündən və əvvəlcədən nə qədər bişirilməsindən asılı olaraq dəyişə bilər.

Ördək yağı yeməyi həddindən artıq kalorili edirmi?

Ördək yağı yüksək kalorili məhsuldur. Onun 100 qramında təxminən 898 kilokalori və 33 qramdan çox doymuş yağ turşusu var.

Bununla belə, mütəxəssislər bildirirlər ki, dörd nəfərlik kartof qızartması hazırlamaq üçün bir-iki xörək qaşığı yağdan istifadə etmək kifayət edə bilər. Əsas şərt kartofların yaxşı qurudulması və kifayət qədər geniş tavada hazırlanmasıdır. Qeyd olunur ki, ördək yağından istifadə yeməyin dadını zənginləşdirsə də, doymuş yağların miqdarına diqqət yetirmək vacibdir.

Kartof niyə xırtıldayan alınmır?

Kulinariya mütəxəssisləri kartofun yumşaq alınmasının bir neçə əsas səbəbini açıqlayıblar. Bunlardan biri tavada həddindən artıq çox kartofun olmasıdır. Belə vəziyyətdə kartoflar qızarmaq əvəzinə öz buxarında bişir. Digər səbəb isə temperaturun kifayət qədər yüksək olmamasıdır.

Bundan əlavə, kartofun yaxşı qurudulmaması və yağın düzgün miqdarda istifadə edilməməsi də nəticəyə təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, bu sadə qaydalara əməl etməklə ev şəraitində də çölü qızılı və xırtıldayan, içi isə yumşaq kartof qızartması hazırlamaq mümkündür. (lent.az)

NE
Nihadə Eyyubova