Dünya

"Həddi aşmışıq, danışıqlar aparmağa adam tapmırıq"

Həddi aşmışıq, danışıqlar aparmağa adam tapmırıq

ABŞ Prezidenti Donald Tramp Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısındakı çıxışında İranla bağlı diqqətçəkən açıqlamalar verib.

CNN-in məlumatına görə, ölkədə keçiriləcək Konqres seçkiləri öncəsi danışan Tramp, İranın yüksəksəviyyəli rəhbərlərinin zərərsizləşdirilməsi prosesində ifrata yol verildiyini etiraf edib. O bildirib ki, hazırda Vaşinqton Tehranla təmas qurmaq üçün məsul şəxs tapmaqda çətinlik çəkir:

"Onların hətta sabit bir lideri belə qalmayıb. Bu ciddi problemə çevrilib. Rəhbər şəxsləri aradan qaldırarkən, görünür, həddi aşmışıq. Çünki indi dialoq aparmaq üçün qarşı tərəfdə heç kimi tapmırıq. Hətta heç kim İran prezidenti vəzifəsini də üzərinə götürmək istəmir", - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, cari ilin 28 fevral tarixində ABŞ və İsrailin İrana qarşı keçirdiyi birgə hərbi əməliyyatlar nəticəsində ölkənin Ali Lideri Seyid Əli Xamenei və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də daxil olmaqla, bir çox əsas dövlət xadimi həlak olub.