Özəl Media

Sosial şəbəkələrdə görünməyən təhlükə: Manipulyasiya

Sosial şəbəkələrdə görünməyən təhlükə: Manipulyasiya

Sosial şəbəkələr gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, burada yayılan məlumatlar insanların düşüncələrinə, seçimlərinə və qərarlarına ciddi təsir göstərə bilir.

Bəs sosial şəbəkələr insanları hansı üsullarla manipulyasiya edir və istifadəçilər bu təsirdən qorunmaq üçün nələrə diqqət etməlidirlər?

BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, artıq uzun müddətdir ki, bu platformaların insan psixologiyasına və cəmiyyətə mümkün mənfi təsirləri ilə bağlı həyəcan siqnalları verilir.

Sosial şəbəkələrdə görünməyən təhlükə: Manipulyasiya

Onun sözlərinə görə, bu təsirlər özünü insanların informasiya qəbulunda, hadisələrə münasibətində, eləcə də gündəlik davranışlarında göstərə bilər:

"Buna görə də məsələyə yalnız sosial şəbəkələrdən istifadə çərçivəsində deyil, daha geniş yanaşmaq lazımdır. Sosial şəbəkələrin yaratdığı risklərdən qorunmağın əsas yollarından biri ilk növbədə cəmiyyətdə media savadlılığının artırılmasıdır. Media savadlılığı insanların qarşılaşdıqları məlumatların məzmununu və mahiyyətini düzgün dərk etməsi, informasiyanı təhlil edə bilməsi, həqiqi məlumatı yanlış və manipulyativ məzmundan ayırması deməkdir. İnsan oxuduğu və ya izlədiyi materialın hansı məqsədlə hazırlandığını, onun düşüncələrinə və davranışlarına necə təsir göstərə biləcəyini anladıqda həmin informasiyanın yaratdığı risklərə qarşı daha hazırlıqlı olur. Beləliklə, məlumatlılıq insanın informasiya qarşısında daha şüurlu mövqe tutmasına kömək edir.

Digər mühüm istiqamət sosial şəbəkələrdə müəyyən inzibati tədbirlərin həyata keçirilməsi və etik normalara əməl olunmasının təşviq edilməsidir. Bu platformalarda insanların hüquq və azadlıqlarına hörmətlə yanaşılması, etik sərhədlərin qorunması, zərərli və məsuliyyətsiz məzmunla bağlı müvafiq xəbərdarlıqların verilməsi vacibdir. Eyni zamanda, sosial şəbəkələrdən istifadə zamanı məsuliyyətin artırılması və istifadəçilərin paylaşdıqları məlumatların mümkün nəticələrini nəzərə almaları da əhəmiyyət daşıyır.

Xüsusilə uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi məsələsinə diqqət yetirilməlidir. Çünki bu yaş qrupunda olan şəxslər qarşılaşdıqları informasiyaları qiymətləndirmək və onların təsirlərini düzgün dəyərləndirmək baxımından daha həssas ola bilərlər. Buna görə də uşaqların müəyyən yaş həddinə qədər sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması, yaşa uyğun təhlükəsizlik mexanizmlərinin tətbiqi və valideyn nəzarətinin gücləndirilməsi istiqamətində addımların atılması vacibdir.

Bütün bu tədbirlərə kompleks şəkildə yanaşmaq lazımdır. Yalnız məhdudiyyətlərin tətbiqi ilə kifayətlənmək düzgün olmaz. Media savadlılığının artırılması, etik qaydaların qorunması, uşaqların müdafiəsi və sosial şəbəkələrdən məsuliyyətli istifadənin təşviqi paralel şəkildə həyata keçirilməlidir. Bu yanaşma sosial şəbəkələrin mümkün mənfi təsirlərini azaltmağa və insanların rəqəmsal mühitdə daha təhlükəsiz davranmasına şərait yarada bilər".